...

ÇAĞIRIŞÇILARI HƏRBİ XİDMƏTDƏN YAYINDIRMIŞ YÜKSƏK RÜTBƏLİ ZABİTLƏRƏ HÖKM OXUNDU

Siyasət Materials 5 Sentyabr 2005 19:45 (UTC +04:00)

Sentyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə 17 nəfər yüksək rütbəli zabitin məhkəməsi hökmün oxunuşu ilə başa çatıb. Trend məlumat verir ki, 1 aydan artıq davam edən məhkəmə prosesində təqsirləndirilənlərə qarşı irəli sürülən ittihamlar şahid ifadələri ilə sübuta yetirilib.

Məhkəmə yolu ilə sübuta yetirilib ki, Müdafiə Nazirliyinin yüksək rütbəli qulluqçuları və MTN Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin (HƏKBİ) N saylı hərbi hissəsinin baş əməliyyat müvəkkili, MTN HƏKBİ 1-ci şöbəsinin baş əməliyüat müvəkkili öz qulluq mövqeyindən sui-istifadə ediblər.

Saxta yolla hazırladıqları sənədlər əsasında ordudan yayınmaq istəyən çağırışçılara bu cinayətdə köməklik göstəriblər. Həmin çağırışçılardan rüşvət alaraq sonunculara hərbi xidmət etmədikləri halda onları hərbi biletlə təmin ediblər.

Beləliklə də bir neçə ildir ki, hərbi xidmət göstərmək həvəsində olmayan çoxsaylı çağırışçılar bu yolla hərbi xidmətdən yayına biliblər. Məhkəmə araşdırması zamanı hərbi xidmətdən çağırışçıları yayındırmaq üçün alınmış rüşvətlərin məbləği də müəyyən edilib. Aydınlaşdırılıb ki, bu məbləğ 1200-2200 ABŞ dolları civarında olub.

O da bəlli olub ki, yüksək rütbəli zabitlər eyni zamanda bəzi əsgərləri qeyri-qanuni yolla aylığa buraxmaqla da pul qazanıblar.

Bütün bunları nəzərə alan hakim Vaqif Talıbovun, Əli Məlikovun, Rauf Əliyevin 8, Ziya Nəcəfovun, Rəşid Sadıqzadənin 7 il 6 ay, Ərəstun Bağırovun, Həbibulla Şabanovun 4, Eldəniz Seyidəliyevin, Huşyar Quliyevin, Əhəd Mehdiyevin, Əmrah Cabbarlının 3 il 6 ay, Mirzə Mirzəyevin, Mövsüm Dilxastinin, Akif Babayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Rövşən Əliyev 1 il şərti cəzaya məhkum edilib. Nəbi Məmmədovla Elşən Seyidəliyev barəsində isə cərimə qərarı tətbiq olunub.

Lakin mühhətimlərin vəkilləri məhkəmənin nəticəsindən razı qalmayıblar və hökmdən yaxın günlərdə apellyasiya şikayəti verməyə hazırlaşırlar.

Xəbər lenti

Xəbər lenti