İmişli Şəkər Zavodunun tikintisi gələn ayın sonlarında başa çatacaq. Bu barədə "Azərsun Holding" şirkətinin mətbuat xidmətindən Trend xəbər agentliyinə məlumat verilib.
Verilən məlumata görə, artıq zavodda inşaat və quraşdırma işlərinin 85%-i başa çatıb. Hazırda bu işlərə 1500 işçi cəlb olunub.
İki növbəli iş rejiminin tətbiq olunduğu müəssisədə tikinti və quraşdırma işləri paralel olaraq aparılır. Bu zavod bölgədə ən böyük müəssisədir. Oktyabrın sonlarında zavodda şəkər çuğundurunun alınması kampaniyasına başlanacaq.
Bundan sonra isə zavod şəkər istehsalına başlayacaq. Müəssisədə 3 növbəli iş rejimi tətbiq olunacaq və ümumilikdə 1000 nəfər işçi çalışacaq.
Qeyd edək ki, ölkədə yerli emal müəssisələrinin olmaması yetişdirilən şəkər çuğundurunun emal məqsədilə Türkiyə və İran zavodlarına göndirilməsinə səbəb olur.
Lakin "Azərsun Holding" şirkəti tərəfindən inşa olunan Şəkər Zavodunun bu ilin oktyabrından fəaliyyətə başlaması ölkənin xaricdən şəkər asılılığını aradan qaldırmağa və xaricə valyuta axınının qarşısını almağa imkan verəcək.
2003-cü ildə tikintisinə başlanan və layihə dəyəri 70 milyon dollar olan Şəkər Zavodundakı texniki avadanlıqların böyük hissəsi Almaniyadan gətirilib.
Xatırladaq ki, ötən il ölkəyə 147 min ton şəkər idxal olunub. Bu isə adambaşına 18 kiloqram şəkərin istehlak olunması deməkdir. Hazırda ölkəyə şəkər idxalı ilə 19 şirkət məşğul olur.