Sentyabrın 29-da Litva Respublikasının ədliyyə naziri Qintautas Bujinskas Azərbaycana gəlib. Trend məlumat verir ki, qonaq səfərini ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.
Sonra Qintaustas Bujinskası Azərbaycan Respublikası Ədliyyə naziri, Məhkəmə-hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Görüşdə iki ölkə arasındakı əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Ədliyyə naziri Fikrət Məmmədov həyata keçirilən məhkəmə-hüquq islahatları barədə qonağa ətrafla məlumat verib. Nazir ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərə toxunub.
Hakimliyə namizədlərlə yeni qaydalarla tam şəffaf şəraitdə keçirilmiş test imtahanının ən yüksək beynəlxlaq standartlara cavab verən tədbir kimi qiymətləndirib.
Qintaustas Bujinskas isə öz növbəsində bildirib ki, ədliyyə naziri vəzifəsinə təyin olunduğu vaxtdan Azərbaycanla hüquqi sahədə əməkdaşlığa böyük önəm verir.
Qonaq həmçinin ölkəmizin ədliyyə və hüquq sistemində həyata keçirilən islahatlardan və əldə edilən uğurlardan məmnun olduğunu bildirib. Bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün böyük əhəmiyyətini vurğulayıb.
Sonra hər iki ölkənin ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb. Proqramda ədliyyə fəaliyyətində, penitensiar sahədə, ədliyyə işçiləri və hakimlərin tədrisinin təşkili üzrə təcrübə mübadiləsi və digər tədbirlər nəzərdə tutulub.
Qonaqlar Ədliyyə Nazirliyində Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Litva münasibətlərini əks etdirən xüsusi hazırlanmış ekspozisiya ilə tanış olublar.
Qeyd edək ki, Litvanın nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində ölkəmizin ədliyyə orqanlarının, o cümlədən penitensiar sistemin və məhkəmələrin fəaliyyəti ilə tanışlığı, yüksək səviyyəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.