...

Aqşin Mehdiyev: Azərbaycan ilə Avropa Şurası arasında münasibətlər bundan sonra da inkişaf etdiriləcək

Siyasət Materials 23 Dekabr 2005 17:51 (UTC +04:00)
Aqşin Mehdiyev: Azərbaycan ilə Avropa Şurası arasında münasibətlər bundan sonra da inkişaf etdiriləcək

Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi ilə müsahibə

- Bu gün AŞPA-nın Azərbaycanla bağlı mövqeyi necədir? Keçirilən parlament seçkiləri ilə əlaqədar olaraq ölkəmizə münasibət dəyişibmi?

-Düşünmürəm ki, bu yaxınlarda keçirilmiş seçkilərdən sonra bütövlükdə Avropa Şurasının, eləcə də AŞPA yaxud təşkilat rəhbərliyinin Azərbaycana münasibətində hər hansı dəyişiklikdən danışmaq olar.Ölkəmizin AŞ ilə münasibətləri, eləcə də ayrı-ayrı respublika strukturları və idarələrinin Avropa Şurasının müxtəlif qurumları ilə münasibətləri çox sabit, bərabər və işgüzar xarakter daşıyır. Ola bilsin ki, biz bunu duya bilmirik, amma bugünkü gündə bizim bu təşkilatla əməkdaşlığımız həm gündəlik səviyyədə, həm də ayrı-ayrı layihələr və proqramlar şəklində bizim ictimai-siyasi həyatımızı çox geniş əhatə edir. Bu əməkdaşlığın kökləri o qədər möhkəmdir ki, bunu hər hansı bir konkret hadisədən asılı vəziyyətə salmaq düzgün deyil və mümkünsüzdür.
- Avropa Şurası bu gün dünyanın olduqca dinamik və fəal olan aparıcı demokratik institutlarından biridir. Buna görə də əgər Avropa Şurası hər hansı bir məsələ ilə bağlı tənqidi fikir söyləyirsə, onda bədbinləşməmək və bunu diqqətlə təhlil etmək lazımdır. Haqlı tənqid olan yerdə müvafiq nəticələr çıxarılmalıdır. Aydındır ki, eyni zamanda milli maraqlar qəti prioritet təşkil edir, milli özünəməxsusluq isə həmişə nəzərə alınmalıdır. Başqa təşkilatlar kimi Avropa Şurası da insanlardan təşkil olunmuşdur. Bu insanlar faktlara əsaslanan və fikirlərini ardıcıl bəyan edən hər kəsi hər zaman dinləməyə hazırdırlar. Biz Avropa Şurası ilə münasibətlərimizi bu prinsipə əsasən qururuq və mən əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf etdiriləcək.

-Yanvarın 9-da Parisdə Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin iclası planlaşdırılıb. Həmin iclasda hansı məsələlərə toxunulacaq? Azərbaycanı və Ermənistanı kimlər təmsil edəcək?

-Məndə olan məlumata görə, Ermənistan-Azərbaycan münaqişəsi üzrə alt komitənin rəhbəri Lord Rassel Conson görülmüş işlərə dair hesabat təqdim edəcək və alt komitənin üzvləri həmin hesabatı müzakirə edəcək.
Sonra alt komitənin üzvləri təsdiq etsə, hesabat AŞPA-nın yanvar sessiyasına çıxarılacaq Büro sənədinə daxil edilmək üçün AŞPA Bürosuna təqdim ediləcək. Alt komitənin Büronun qərarı əsasında yaradılması ilə bağlı olaraq onun işinə dair hesabat da Büro hesabatının bir hissəsi hesab edilir.
Bundan başqa, alt komitə ötən iclasının protokolunu təsdiq etməlidir. Sizin sualınızın ikinci hissəsinə gəlincə, alt komitədə Azərbaycan nümayəndə heyətini parlament nümayəndə heyətinin rəhbəri S.Seyidov və müxalifətdən A.Mollazadə təmsil edəcək.
Ermənistan tərəfi orada müvafiq olaraq nümayəndə heyətinin rəhbəri T.Torosyan və müxalifətdən S.Köçəryan ilə təmsil olunur. Təbii ki, nümayəndə heyətinin tərkibində dəyişikliklə bağlı olaraq alt komitədə ölkəni təmsil edənlər də dəyişilə bilər.

-AŞPA Monitorinq komitəsinin 15 dekabrda keçirilmiş iclasının yekunlarını necə qiymətləndirirsiniz? AŞ-nin yeni missiyasının Bakıya göndərilməsi nəzərdə tutulurmu və səfərin dəqiq tarixi məlumdurmu?

- Mənim fikrimcə, AŞPA Monitorinq Komitəsinin iclası öncədən də məlum olduğu kimi, normal keçdi. Biz gözləyirdik ki, Qross və Herkel Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi məsələsində Monitorinq Komitəsindən dəstəyə nail olmağa çalışacaqlar və belə də oldu. Qross iclasda iştirak etmirdi, amma bu rol Herkelə həvalə edilmişdi. Komitə üzvləri birmənalı olaraq belə aksiyalar əleyhinə danışdılar. Hətta Monitorinq komitəsinin belə bir praktikaya qarşı çıxması barədə də fikir səsləndirildi. Prosedura səbəbləri ilə bağlı olaraq həmin məsələyə dair heç bir qərar qəbul edilmədi. Buna görə ancaq təəssüf etmək olar. Çünki, belə bir qərar Azərbaycan əleyhinə planlar hazırlayan bəzi şəxsləri sakitləşdirərdi.
Düşünürəm ki, bu yaxınlarda respublikamıza AŞ-nin bir neçə missiyasının gəlməsinə hazır olmaq lazımdır. Bu, yəqin ki, təkrar seçkilərədək və seçkilər zamanı Azərbaycana gələcək müşahidə qrupudur. Qross və Herkelin də səfəri mümkündür. Mən istisna etmirəm ki, Azərbaycana münasibətdə yaranmış maraqdan irəli gələrək digər nümayəndə heyətləri də ola bilər. Amma bildiyimə görə, adıçəkilən səfərlərin dəqiq tarixi hələlik müəyyən edilməyib.

- Bildirilir ki, Cənubi Qafqaz platformasının işinin başa çatması ilə dekabrın 15-də Strasburqda yerli və regional özünüidarəetmə orqanları Konqresi tərəfindən fəaliyyət planı qəbul edilib. Həmin planın mahiyyəti nədən ibarətdir?

- Mən deyərdim ki, fəaliyyət planı qəbul edilməyib, razılaşdırılıb. Planın təsdiq edilmiş sənəd olması üçün rəsmi proseduralardan keçməlidir. Əslində, bu sənəd regionda yerli hakimiyyətlər arasında əməkdaşlığın yaranması və fəallaşdırılması, eləcə də Cənubi Qafqaz ölkələrinin Qara dəniz Avropa regionunun yaradılması və fəaliyyətinə cəlb edilməsi ilə bağlı bir sıra praktiki addımları nəzərdə tutur.
Cənubi Qafqaz ölkələri yerli hakimiyyətlərinin milli assosiasiya nümayəndələrinin həmin assosiasiyaların 2006-cı ilin fevralında Strasburqda keçiriləcək Forumunda iştirak etmək üçün dəvət olunması planda ayrıca bənddə nəzərdə tutulur.
Həmçinin yerli hakimiyyətlərin milli assosiasiyalarının formalaşdırılmasının başa çatdırılmasından sonra Cənubi Qafqaz yerli hakimiyyətlərinin assosiasiya şəbəkələrinin yaradılması və Cənubi Qafqaz ölkələri yerli və regional hakimiyyətlərinin bu sahədə həm öz aralarında, həm də regional əməkdaşlığının dərinləşdirilməsi və inkişafı ilə bağlı bir sıra digər tədbirlər nəzərdə tutulur.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrinin hələ aradan qaldırılmaması faktı nəzərə alınaraq Azərbaycan tərəfi həmin fəaliyyət planını və həmin sənədin dövlətimizin suverenliyi və ərazi bütövlüyünün məhdudlaşdırılmadığı hissəsində nəzərdə tutulmuş konkret tədbirləri dəstəkləməyə hazır olduğunu bəyan edib.

-Yanvarın sonunda AŞPA-nın qış sessiyası keçiriləcək. Amma sessiyanın iş proqramının rəsmi layihəsində Azərbaycana aid bəndlər yoxdur. Demək olarmı ki, sənədlər hələlik hazır deyil yaxud müzakirələr komitələr səviyyəsində keçiriləcək və yalnız son mərhələdə geniş formatda müzakirələr başlayacaq?

-Tamamilə doğrudur. Bugünkü gündə yanvar sessiyasının gündəliyində Azərbaycanla bağlı heç bir məsələ yoxdur. Amma mən güman edirəm ki, vəziyyət dəyişə bilər. Gözləmək lazımdır ki, AŞPA-nın müşahidə missiyasının Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabatı " Progress Report " - AŞPA-nın iki sessiyası arasında olan dövrdəki fəaliyyətinə dair hesabatı - bölməsində təqdim edilə bilər. İstisna deyil ki, AŞPA-nın Bürosu bu məsələni gündəliyin ayrıca bir bəndində verə bilər.Amma bu, məntiqə sığmazdı, belə ki, 13 mayda 10 dairədə keçiriləcək təkrar seçkilər hələ qarşıdadır. Görünür ki, təkrar seçkiləri gözləməyin və bundan sonra zərurət yaranarsa, məsələni müzakirəyə çıxarmağın əhəmiyyəti vardır.Həmçinin Azərbaycan nümayəndə heyətinin mandatının şübhə altına qoyulması cəhdi ehtimal olunur.
Mövcud proseduraya əsasən, AŞPA-nın ayrı-ayrı strukturları, eləcə də ayrı-ayrı deputatları (əgər onları AŞPA-nın 5 müxtəlif qrupundan olan ən azı 10 üzvü dəstəkləsə) məsələnin belə qoyulmasına təşəbbüs göstərə bilər.
Təşkilat strukturlarına gəlincə, mən əminəm ki, onlar bunu etməz. Mən Qrossun özünün yaxud onun tapşırığı ilə digər bir şəxsin bu imkandan istifadə etməyə çalışacağına demək olar ki, əminəm. Belə olan halda proseduraya əsasən, məsələ müzakirəsiz Monitorinq komitəsinə və prosedura və immunitet qaydaları Komitəsinə (yeri gəlmişkən, bu komitəyə Qross rəhbərlik edir) veriləcək.
Birinci həmin məsələyə dair məruzə təqdim etməlidir, ikinci isə Assambleyanın müzakirə etməsi üçün 24 saat ərzində öz rəyini verməlidir.
Düşünmürəm ki, onlar öz planlarını sonadək reallaşdıra bilsinlər. Amma onların bunu etməyə cəhdini də istisna etmirəm. Qrossun fəaliyyəti məni təəccübləndirmir. Bu adam Azərbaycanı ləkələmək üçün hər bir imkandan istifadə edir. Təəssüf ki, bəzən Bakıdan da belə çağırışların eşidilməsi daha pisdir.... Tarixdə görünməyib ki, insanlar AŞ-yə özlərinin cəzalandırılması üçün müraciət etsin. Hər bir siyasi xadim öz siyasi görüşləri ilə daha çox insanı tanış etmək üçün əlavə auditoriya almağa çalışmalıdır. Aydındır ki, əgər birdən Azərbaycan nümayəndə heyəti mandatdan məhrum edilsə bundan hər şeydən öncə, müxalifət nümayəndələri zərər çəkəcək. Çünki, bu, onlar üçün bütün Avropa ölkələri parlamentlərini təmsil edən deputatlarla, AŞPA ilə demək olar ki, yeganə ünsiyyət imkanıdır.
Belə mövqe əxlaqa və ədəbə zidd olmasından başqa, onun təşəbbüskarlarının siyasi səbatsızlığından xəbər verir. Çünki bu mövqedə olan adamlar öz şəxsi maraqlarını milli mənafedən üstün tutur.

Xəbər lenti

Xəbər lenti