...

Araz Əzimov: Azərbaycan Kanadadan Bakıda səfirliyinin açılışını gözləyir

Siyasət Materials 1 Aprel 2006 11:35 (UTC +04:00)

Azərbaydcan Kanadadan hər şeydən əvvəl Bakıda səfirliyinin açılmasına yönələn cavab addımları gözləyir. Trend in AzərTaca istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib. Qeyd edək ki, A.Əzimov bu ölkənin rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün Kanadaya səfərdədir.

Onun sözlərinə görə, bizim regionda Kanada ilə bağlı bir sıra narahatlıq doğuran məsələlər mövcuddur. Məsələn, buraya bir sıra Kanada şirkətlərinin Türkmənistanın qanusuz layihələrində, eləcə də işğal olunan Kəlbəcər rayonundakı qızıl ehtiyatlarının mənimsənilməsində iştirakı kimi məsələlər daxildir. "Biz bunu Kanada hökumətinin diqqətinə çatdırdıq. Lakin bizim aldığımız izahatlarda bildirilir ki, Kanada hökuməti bu şirkətlərin məlumatları ilə maraqlanmır və bu məsələlərə müdaxilə etmək istəmir. Biz izahatı dinlədikdən sonra bəyan etdik ki, Azərbaycan öz narahatlıqlarını Kanada hökumətinin diqqətinə çatdırmaqda davam edəcək və bu məsələlərdə onun yardım göstərməsini xahiş edir", - deyə Azərbaycanın XİN-in rəhbərinin müavini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, A.Əzimov bildirib ki, bu problemlə bağlı Kanadanın mövqeyi o qədər də aydın deyil. "ATƏT-in üzvü kimi bu ölkə indiyə kimi yalnız səthi mənəvi-siyasi dəstəklə kifayətlənib. Lakin gələcəkdə Kanadanın bu məsələyə yavaş-yavaş yaxınlaşması mümkündür", - deyə o bildirib.

A.Əzimov Azərbaycanın Kanada ilə Avroatlantika tərəfdaşlığı Şurası, NATO-nun "Sülh naminə tərəfdaşlıq", ikitərəfli əlaqələrin hüquqi əsaslarının inkişafı çərçivəsində əməkdaşlığı davam etdirməsini vacib hesab edir. Bundan əlavə, onun sözlərinə görə, Kanada təbii ehtiyatların planlaşdırılması, idarə olunması, dövlət strukturları ilə özəl sektoru birləşdirən institutların yaradılması, informasiya texnologiyaları sahəsində əhəmiyyətli uğurlar əldə edib və bu təcrübə bizə lazım ola bilər.

Xəbər lenti

Xəbər lenti