Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya nümayəndələrindən ibarət "Qafqa dördlüyü"nün parlament məşvərətini bərpa etmək fikrini dəstəkləyib. Sankt-Peterburqda Gürcüstan parlamentinin sipikeri Nino Burcanadze ilə görüşündən sonra jurnalistlərlə söhbət edən S.Mironov deyib ki, növbəti məşvərət Moskvada may-iyun aylarında keçirilə bilər.
S.Mironovun dediklərinə görə, məşvərət yazda keçiriləcəyi halda Moskvada, payızda keçiriləcəyi halda isə Tbilisidə təşkil olunacaq. O, dörd ölkə parlament spikerləri arasında danışıqların bərpa edildiyi halda buna şad olacağını vurğulayıb. Son illərdə belə görüşlər respublikalarda keçirilən seçkilərlə əlaqədar idi. Əvvəllər isə məşvərət iştirakçıları bir sıra beynəlxalq və regional məsələləri müzakirə edirdi.
Öz növbəsində, N. Burcanadze də "Qafqaz dördlüyü"nün növbəti məşvərətinin Rusiyada baş tutacağını istisna etməyib. "Sonra məşvərəti Tbilisidə də keçirmək olar" - deyə Gürcüstan spikeri bildirib. "Mən hesab edirəm ki, dialoqdan imtina etmək ən böyük səhvdir. Ona görə dialoqu istənilən formatda davam etdirməyə hazıram və bütün həmkarlarımı da buna çağırıram" - deyə o vurğulayıb.
S.Mironov və N.Burcanadze Rusiya parlamentarizminin 100 illiyinə həsr olunmuş tədbirlərlə əlaqədar Sankt-Peterburq şəhərində səfərdədir. Bu barədə "İTAR-TASS" xəbər verir.