...

Gültəkin Hacıyeva: "Azərbaycanda birmənalı olaraq gizli həbsxanalar mövcud deyil"

Siyasət Materials 4 May 2006 12:53 (UTC +04:00)
Gültəkin Hacıyeva: "Azərbaycanda birmənalı olaraq gizli həbsxanalar mövcud deyil"

Azərbaycanda birmənalı olaraq gizli həbsxanalar mövcud deyil. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

Qeyd edək ki, Avropa Şurasının (AŞ) baş katibi Terri Devis quruma üzv olan 46 dövlətə gizli həbsxanaların olması ilə bağlı sorğu göndərib. Sorğulara cavab onu qane etmədiyindən 37 dövlətə yenidən müraciət edib. Onu da bildirək ki, Azərbaycan tərəfindən sorğuya cavab göndərilib. Lakin T.Devis cavaba hələ münasibət bildirməyib.

G.Hacıyeva onu da bildirib ki, Azərbaycanda gizli həbsxanaların olması ehtimalı da inkar edilməlidir. Millət vəkili qeyd edib ki, T.Devisin əlavə sorğu göndərdiyi dövlətlər arasında Azərbaycanın adının olması texniki məqamlarla bağlıdır: "Ola bilsin ki, birinci sorğuya cavab olaraq Azərbaycan tərəfindən göndərilən məlumatlar bir sıra texniki səbəblər üzündən Avropa Şurasını tam qane etməyib. Azərbaycan kifayət qədər həssas bir bölgədə yerləşir. Azərbaycanın qonşularından hərbi sirlərini qorumasına ehtiyac var. Azərbaycanın İranla, Ermənistanla sərhədində hansısa hərbi obyektlər ola bilər. Bu və ya digər səbəblərlə bağlı olaraq birinci sorğu ilə bağlı göndərilən məlumatlarda tam dolğunluq olmadığı üçün qurum əlavə sorğu göndərib".

Millət vəkili onu da vurğulayıb ki, rəsmi Bakı AŞ-ın sorğusuna tam və dolğun cavab verəcək və məlum məsələ ilə bağlı bütün şübhələr aradan qalxacaq: "Terri Devis özü də bir neçə dəfə bəyan edib ki, Cənubi Qafqaz ölkələri arasında, xüsusilə Azərbaycan və Gürcüstanda gizli həbsxanların olması ilə bağlı fakt yoxdur".

Xəbər lenti

Xəbər lenti