Müsavat Partiyasını müxalifət adlandırmırıq. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu Müsavat Partiyasının başqanı İsa Qəmbərin Mərkəzi Seçki Komissiyasında müxalifət nümayəndələrinin təmsil olunmadığı ilə bağlı fikrinə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, Müsavat Partiyasının sədri mayın 11-də keçirdiyi mətbuat konfransında MSK-da təmsil olunan müxalifət nümayəndələrinin ünvanına bir sıra ittihamlarla çıxış edib. MSK-nın iclaslarında onların susmasını müxtəlif aspektlərlə izah edib.
F.Qəzənfəroğlu isə İ.Qəmbərin bu ittihamlarını qəbul etmədiyini bildirib: "Parlamentdə təmsil olan müxalifət partiyasının rəhbəri kimi deyə bilərəm ki, biz də Müsavatı müxalifət adlandırmırıq. Müsavat bu gün heç bir parametrlə özünü müxalifət partiyası adlandıra bilməz". Partiya sədri onu da bildirib ki, kimin hansı oyunun iştirakçısı olduğunu cəmiyyət yaxşı görür: "MSK-da nümayəndəmiz olmasa da, DSK-lar da nümayəndələrimiz var və üzərlərinə düşən vəzifələri yerinə yetirirlər".