"Mən əminəm ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında nizmalanacaq". Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev Amerikanın NBC kanalına müsahibəsində bildirib.
Münaqişənin nizamlanması vaxtına dair suala cavab verən dövlət başçısı deyib ki, məsələnin həlli müddəti haqqında danışmaq çətindir, çünki bu, təkcə Azərbaycan tərəfindən asılı deyil. "Azərbaycanın ərazi bütövlüyü, Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, bütün beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınıb. Erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və başqa beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri mövcuddur. Bütün bunlar münaqişənin həlli üçün əsasdır" - deyə prezident vurğulayıb.
"Biz Dağlıq Qarabağın Azərbaycandan ayrılması və ya müstəqilliyini elan etməsi ilə heç zaman razılaşmayacağıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə dünyada mövcud olan ən yüksək - siyasi, təhlükəsizlik təminatları olan, özünü idarəetmənin müvafiq elementlərini ehtiva edən muxtariyyət statusu verə bilərik. Lakin yenə də qeyd edirəm ki, bu, yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistan işğalçı qoşunlarının ərazilərimizdən dərhal çıxarılması sülh yolu ilə istənilən həll üçün ilkin şərtdir" - deyə İ.Əliyev əlavə edib.