"Mahmudəli Çöhrəqanlının Azərbaycandan getməsi ən düzgün addım idi". Trend in məlumatına görə, bu fikirləri iyunun 13-də mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
O, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Azərbaycandan çıxarılması barədə yayılan məlumatlara münasibətini bildirərkən deyib ki, onun ölkəmizdə qalması düşmənlərimizə bəzi fürsətlər yarada bilərdi: "Çöhrəqanlıya qarşı kəskin tədbirlər görülməsinə çalışa bilərdilər. Onun burada qalması düşmənlərimizin dəyirmanına su tökmək demək olardı. Buna imkan vermək olmazdı. Mən onun hakimiyyət tərəfindən ölkədən çıxarıldığını söyləmirəm. Amma mənim subyektiv fikrim budur ki, mən də olsaydım, onu ölkədən çıxarardım"-deyə N.İbrahimov vurğulayıb.
Komitə sədri onu da deyib ki, Azərbaycan hakimiyyəti İranın daxili işlərinə qarışmır və orada baş
verən proseslərə də müdaxilə etmir: "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən bəyan etdik ki, İranın daxili işlərinə qarışmayacaq və orada yaşayan azərbaycanlılarla iş aparmayacağıq".