Azərbaycan ictimaiyyətinin intelektual potensialının cəlb edilməsi ölkənin "ümumilli" probleminin - Bakının 21-ci əsrin tələblərinə cavab verən şəhərə çevrilməsi məsələsini həll edə bilər. Bu barədə, iyunun 14-də Azərbaycanın paytaxtının inkişaf problemlərinə həsr olunmuş dəyirmi masada Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, bu məsələdə Bakı şəhərinin yeni baş planının hazırlanmasına vacib yer ayrılır. "Mən diqqəti yalnız Bakının hazırkı problemlərində cəmləşdirmək deyil, Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirməyə imkan verən müsbət düşüncə nümayiş etdirmək istərdim" - deyə millət vəkili vurğulayıb.
A.Mollazadə Azərbaycan rəhbərliyi və xüsusilə də, dövlət başçısı üçün xüsusi arayışlar hazırlayacaq işçi qrupunun yaradılmasını təklif edib ki, bu da Bakı şəhərinin yeni baş planını hazırlamağa əsas yaradacaq.
"Hazırkı mübahisələr ictimaiyyətin diqqətini şəhərsalma və Azərbaycan paytaxtının demoqrafiq inkişafı məsələlərində cəmləşdirməyə imkan verəcək" - deyə o bildirib. A.Mollazadə Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin bu konfransın işində iştirak etməməsinə təəsüfləndiyini deyib.
Dəyirmi masanın işində Azərbaycanın müxtəlif nazirlik və qurumlarının nümayəndələri, eləcə də Milli Məclisin deputatları, tanınmış ekspertlər, ictimai xadimlər və KİV nümayəndələri iştirak edib.