Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) maddi-texniki bazasının müasirləşdirilməsi ilə bağlı Fransanın "GİMAEX", "SİDES", "VPS", "Renault Export" şirkətləri ilə danışıqlar aparılıb. Trend Azərbaycan Respublikası FHN-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu danışıqlar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Fransaya işgüzar səfəri çərçivəsində həyata keçirilib.
Danışıqlarda Azərbaycan FHN-nin mülki müdafiə və təhlükəsizlik texnologiyalarına olan ehtiyacları təhlil olunub.
K.Heydərovun başçılıq etdiyi nümayəndə heyəti həmçinin Parisdə yerləşən Mülki Müdafiə və Təhlükəsizlik İdarəsində, Fransa Yangınsöndürmə Zabitləri Milli Ali Məktəbində, Fransa DİN-də və DİN Milli Jandarmeriyanın Beynəlxalq Əməkdaşlıq İdarəsində bir sıra görüşlərdə iştirak edib.
Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri aparılıb, gələcək əməkdaşlıq barədə razılıq əldə edilib. Maraqlı görüşlərdən biri Fransa daxili işlər nazirinin müavini Kristian Estrozi ilə olub. K.Heydərov səfər çərçivəsində keçirdiyi görüşlərdən razı qaldığını söyləyib, iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi, fransız strukturlarının iş təcrübəsi işə tanışlığın, mülki təhlükəsizlik və müdafiə sahəsində Fransa təcrübəsinin öyrənilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Nazir kadr hazırlığı və təkmilləşdirilməsi üçün Azərbaycan və Fransa mütəxəssislərinin qarşılıqlı mübadiləsinin aparılmasını əlaqələrin genişləndirilməsində mühüm rol hesab edib.