"Qarabağ münaqişəsinin 3-5, yaxud 10 ilə tam həll edilməsini gözləmək sadəlövhlük olardı. Çünki regional, etnik münaqişələrin həlli çox mürəkkəb bir prosesdir". Bu fikirləri Trend ə açıqlamasında ABŞ-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə bildirib.
O qeyd edib ki, Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ 2006-cı ildə müəyyən bir irəliləyişin əldə olunmasına çalışır. "Əlbəttə ki, həmsədr dövlətlərdən Ermənistanı müəyyən dərəcədə güzəştlərə getməyə vadar etməsi tələb olunur. Azərbaycan artıq öz növbəsində güzəştlərə gedib. Konfliktin həlli üçün ABŞ, Rusiya və Fransa indi Ermənistanı güzəştlərə vadar etməlidir. Amma onu da qeyd edim ki, Minsk qrupuna həmsədr olan hər üç dövlətin Ermənistana təzyiq göstərmək imkanları çox azdır. Çünki dünyada çox aktiv şəkildə təşkilatlanmış erməni lobbisi fəaliyyət göstərir. Məsələn, Amerkia Konqresində ermənipərəst mövqelər üstünlük təşkil edir, baxmayaraq ki, ABŞ hökuməti balanslaşdırılmış siyasət yürüdür. Amerikada Konqresin nüfuzu çox güclüdür, burada Ermənistanı sıxmaq, ona sanksiyalar tətbiq etmək yox, bu ölkəni dilə tutmaq lazım olduğu barədə düşünürlər. Ermənistanı başa salmaq lazımdır ki, Qarabağ konflikti həll olunarsa, ermənilərin gələcəyi Avropada,
Qərb dünyasında daha parlaq ola bilər"-deyə C.Mollazadə qeyd edib.
Onun sözlərinə görə, Qarabağ konflikti həll olunarsa, Azərbaycan-Ermənistan-Gürcüstan arasında regional əməkdaşlıq yaranarsa, bu üç ölkə Avroatlantik məkana daxil ola bilər. C.Mollazadənin fikrincə, hazırda Rusiyada buna qarşı çıxan müəyyən qüvvələr var. Onlar hesab edirlər ki, Qarabağ problemi həll olunacağı təqdirdə Ermənistanda öz təsir dairələrini itirə bilərlər. ABŞ-ın mövqeyinə gəldikdə, C.Mollazadənin qənaətinə görə, Qarabağ konfliktinin həlli təkcə Amerikadan asılı deyil: "Amerika çalışır və bundan sonra da səylərini davam etdirəcək ki, konflikt həll olunsun. Amma Amerika Qarabağ probleminin həllində möcüzə yarada bilməz. Bu proses gerçəklik müstəvisində gedir və mövcud reallıqlara əsaslanır".