Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin Kazanda keçirilmiş 5-ci iclasında enerji-yanacaq kompleksinin antiterror təhlükəsizliyinin təmin olunması ilə bağlı çıxış edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib.
E.Mahmudov çıxışında Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometr sahəsinin işğalının respublika ərazisində yerləşən nəqliyyat və energetika infrastrukturlarına qarşı terrorçuluq və cinayətkar fəaliyyət olduğunu diqqətə çatdırıb. Nazir təcavüzün həmin sahələrin işinə ciddi təhlükə yaratdığını xüsusi qeyd edib.
İclasda həmçinin "Terror fəaliyyətinə təhriketmənin qabaqlanması haqqında" BMT Təhlükəsizlik Şurasının 1624 saylı qətnaməsinin yerinə yetirilməsi, dini ideologiyalardan istifadə yolu ilə həyata keçirilən ekstremist fəaliyyətin qaşısının alınması və digər məsələlər müzakirə olunub.
Nazir tədbir çərçivəsində xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə səmərəli ikitərəfli görüşlər də keçirib.