Trend in xəbər verdiyi kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brunson MakKinlini qəbul edib.
Azərbaycan hökuməti ilə təşkilatın Bakı nümayəndəliyi arasındakı səmərəli əməkdaşlığı nəzərə çatdıran B.MakKinli Azərbaycanı uğurlu miqrasiya siyasəti yürüdən ölkə adlandırıb. O, təşkilatın qanunsuz miqrantların qeydiyyata alınması və deportasiyası, onlara biometrik pasportların verilməsi məsələlərində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.
Eyni zamanda qonaq tərkibinə dünyanın 118 ölkəsinin daxil olduğu bu təşkilatın Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində də maraqlı olduğunu vurğulayıb.
E.Məmmədyarov bildirib ki, Azərbaycanın məcburi köçkünlərinin geri qayıtması məsələsi bir çox hallarda beynəlxalq ictimaiyyətin iradəsindən asılıdır. Bundan başqa görüşdə Azərbaycan və BMT arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub.