...

Səyavuş Novruzov: "Andreas Qrossun həmməruzəçi kimi Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutması Avropa Şurasında göründü"

Siyasət Materials 29 İyun 2006 17:34 (UTC +04:00)
Səyavuş Novruzov: "Andreas Qrossun həmməruzəçi kimi Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutması Avropa Şurasında göründü"

Andreas Qrossun həmməruzəçi kimi Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutması Avropa Şurasında göründü. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov Andreas Qrossun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiliyindən imtina etməsinə münasibət bildirərkən qeyd edib.

S.Novruzov vurğulayıb ki, A.Qrossun bu imtinasını qlobal hadisə kimi qəbul etmək olmaz: "Andreas Qrossun Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutması Avropa Şurasında göründü. O, həmməruzəçi olduğu bir müddətdə fəaliyyətini Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, insan hüquqları və demokratiyanın inkişafı istiqamətində deyil, yalnız şəxsi maraqları üzərində qurmuşdu. Bunun nəticəsində də həmməruzəçilikdən uzaqlaşdırılıb".

YAP rəsmisi bildirib ki, A.Qross Azərbaycan üçün ciddi fiqur sayılmayıb ki, onun məlum vəzifədən uzaqlaşdırılması əlamətdar hadisə kimi qəbul edilsin: "Çünki Azərbaycan müstəqil bir dövlətdir. Burada baş verən proseslər onun daxili işi olduğundan kənar qüvvələrin müdaxiləsi heç nəyə dəyişmir və bundan sonra da dəyişməyəcək".

Müsavat Partiyası sədrinin müavini Arif Hacılı isə məlum məsələyə fərqli münasibət bildirib: "Andreas Qross öz vəzifəsinə kifayət qədər vicdanla yanaşıb. O, yəqin ki, Azərbaycanda hansısa ciddi dəyişikliklərə nail olunacağına inamını itirdiyindən istefa verib".

Qeyd edək ki, A.Qross AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçiliyindən imtina edib. Onu Böyük Britaniyadan olan deputat Toni Lloyd əvəzləyəcək.

Xəbər lenti

Xəbər lenti