...

Novruz Məmmədov: Dağlıq Qarabağ prosesi üzrə son təmtəraqlı fikirlərin əksəriyyəti həqiqəti əks etdirmir

Siyasət Materials 30 İyun 2006 16:24 (UTC +04:00)

Dağlıq Qarabağ prosesi üzrə son təmtəraqlı fikirlərin əksəriyyəti həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin rəisi Novruz Məmmədov Trend ə eksklüziv olaraq bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın son bəyanatlarına gəlincə isə, N.Məmmədov bildirib ki, o, yeni təyin olunmuş diplomatdır, ABŞ-da çox mühüm vəzifədə olub və bölgə ilə yaxşı tanışdır. Onun sözlərinə görə, ABŞ onu həmsədr seçərək daha fəal olmaq və danışıqlar prosesində daha çox işlər görmək istəyir.

"Eyni zamanda Metyu Brayza bildirmək istəyir ki, danışıqlar prosesindən xəbəri var və bu prosesin irəli getməsinə çalışmaq istəyir. Ona görə də müxtəlif fikirləri ortaya qoyub və bu fikirlər nə Ermənistanın, nə Azərbaycanın fikridir, ümumilikdə, ola bilsin ki, M.Brayzanın özünün mövqeydir və bəzi həmsədrlərin mövqeyi ola bilər. Ona görə də indidən bunlara mövqe bildirib, fikir formalaşdırmağa ehtiyac yoxdur. Danışıqlar prosesi də bağlı qapılar arxasında keçdiyi üçün tamamilə aydın bir məsələdir".

Azərbaycanın prezident aparatının yüksək vəzifəli nümayəndəsi hesab edir ki, Ermənistan prezidenti və XİN başçısı hazırda dünya cəmiyyəti, Minsk qrupu həmsədrləri, həmçinin Azərbaycanın dünyada mövqeyinin, çəkisinin, reytinqinin təzyiqi altındadır. "Ona görə də bunlar artıq çaş-baş qalıblar, divarın küncünə sıxılıblar və mövqelərini hansı yollarla özlərinin saxlayacaqlarını bilmirlər", - deyə N.Məmmədov bildirib və qeyd edib ki, ABŞ rəhbərliyi və bütün ölkələrin dediyi kimi, münaqişə öz həllini tapmalı, işğal olunmuş ərazilər azad olmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Hazırda, N.Məmmədovun fikrincə, rəsmi Bakının əsas vəzifəsi erməni rəhbərliyinin spekulyativ bəyanatlarına cavab verməmək və cari ildə dinc yolla danışıqlar prosesini davam etdirməkdən ibarətdir. "Ermənilər özləri əsas bundan qorxurlar ki, əgər onlar Azərbaycanla razılığa gəlməsələr, bu hadisələrin başqa variantda inkişafı onlar üçün bir faciə olacaq", - deyə N.Məmmədov öz fikrini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti