...

Bəzi müxalifət liderləri Rauf Arifoğlu və Arif Hacılının müdafiəsinə qalxdılar

Siyasət Materials 19 İyul 2006 17:48 (UTC +04:00)

"Rauf Arifoğlunun və Arif Hacılının Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunması bizi ciddi şəkildə narahat edir". Trend in məlumatına görə, bu fikirləri müxalifət partiyalarını təmsil edən şəxslərin - İqbal Ağazadə, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli, Etimad Əsədov və Pənah Hüseynin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, son günlər Müsavat Partiyasında baş verən proseslər ictimaiyyətin diqqət mərkəzində olmaqla yanaşı, bir sıra məqamları narahatlıq yaradır: "Təbii ki, biz heç bir partiyanın daxili işinə qarışmaq niyyətində deyilik, lakin bir yerdə mübarizə aparmış insanlar kimi ... Rauf Arifoğlunun, Arif Hacılının Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunması bizi də ciddi şəkildə narahat edir. Biz bu siyasətçilərin fədakarlığının, demokratiya uğrunda mübarizliyinin şahidi olmuş, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında çiyin-çiyinə dayanmışıq. Bu şəxslərin Azərbaycan dövlətçiliyinə və xalqımıza sədaqətli olmasının dəfələrlə şahidi olmuşuq. Bu insanlara qarşı səslənən ittihamları biz həm də müəyyən mənada apardığımız ümumi mübarizəyə zərbə kimi dəyərləndiririk və tərəfləri etik normalar çərçivəsində mübarizə aparmağa çağırırıq"-deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli, Etimad Əsədov, Pənah Hüseyn 2003-cü ilin prezident seçkilərindən sonra həbs edilib, 2004-cü ildə azadlığa çıxdıqdan sonra "16 Oktyabr Hərəkatı" adlı qurumda birgə fəaliyyət göstəriblər. Rauf Arifoğlu və Arif Hacılı da 16 oktyabr hadisələri ilə əlaqədar onlarla birgə həbsdə olublar.

Onu da xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Sülhəddin Əkbər digər müavinlər R.Arifoğlu və A.Hacılını Rusiya xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda ittiham edib.

Xəbər lenti

Xəbər lenti