"Daxili Qoşunların əsgərlərinin yüksək döyüş qabiliyyətini nümayış etdirməsi ölkədə növbəti seçkilər ərəfəsində dövlətin sabitliyi pozmaq istəyənlərə güc nümayış etdirə biləcəyinə işarə kimi qəbul etmək olmaz". Trend xəbər verir ki, bu sözləri daxili işlər naziri R.Usubov söyləyib.
Nazir bildirib ki, hər bir dövlət özünü daxildən də , xaricdən də qorumağa daim hazır olmalıdır. Bu mənada Azərbaycan dövlətçiliyi ilbəil möhkəmlənir. DQ-nın bu baxımdan gücünün artması da o demək deyil ki, hansısa seçkilər zamanı baş verə biləcək kütləvi ixtişaşlar zamanı Daxili Qoşunlar tərəfindən güc tətbiq edilə bilər.
"Bu gün bütün dünyanı narahat edən ən qlobal problem terrorçu qruplar və silahlı dəstələr tərəfindən törədilən cinayətlərdir. Belə qrupların gələcəkdə mövcud olması istisna deyil, bu baxımdan Daxili Qoşunlar buna daim hazır olmalıdır ", - deyə nazir qeyd edib.