Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublikası Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşəbbüsü ilə "Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilib. Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə "Əcəmi" seyrangahına gələrək ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.
YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının icraçı katibi Anar İbrahimov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin iqtisadi siyasət kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən danışıb.
Naxçıvan Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov muxtar respublikada iqtisadi inkişafdan xəbər verən statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb.
Konfransda Naxçıvan MR-ın əmək və əhalinin sosial müdafiəsi naziri Azər Ələkbərovun "Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti haqqında" və Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynovun "Pensiya islahatı: reallıqlar və perspektivlər" mövzusunda məruzələri dinlənilib.
Tədbir iştirakçıları muxtar respublikaının sosial-iqtisadi inkişafını əks etdirən sənədli filmə tamaşa ediblər.