...

Bakıda yeni tanker istismara verilib

Siyasət Materials 14 Avqust 2006 13:55 (UTC +04:00)
Bakıda yeni tanker istismara verilib

Bu gün Bakıda Rusiyanın "Qırmızı Sormovo" gəmiqayırma zavodunda (Nijni Novqorod) inşa edilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Koroğlu" tankerinin istismara verilmə mərasimi keçirilib. Bu, "Prezident Heydər Əliyev" tankerinin layihəsi üzrə inşa edilmiş 4-cü gəmidir.

Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun xəbər verdiyi kimi, tankerin qiyməti 15 mln. 640 min ABŞ dolları təşkil edir. Bu ilk belə gəmidir ki, yük nəqlinin təhlükəsizliyini artıran inert qazlarının yeni sistemi ilə təchiz olunub. Əvvəl yeni gəmidən Türkmənbaşı limanından neft məhsullarının daşınmasında istifadə olunacaq. Sonradan gəmidən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli üçün Qazaxıstan neftinin daşınmasında istifadə olunacaq. Sonuncu - bu tipli beşinci tanker "Dədə Qorqud" Bakıya oktyabrın əvvəlində çatacaq. İstismara verilmə mərasimində hökümətin baş nazir müavini Abid Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, hökümət, Nəqliyyat Nazirliyi və digər qurumların nümayəndələri iştirak edib.

Bu, 19619 layihəsindən olan, 2002-ci ilin oktyabr ayında bağlanmış müqaviləyə əsasən zavod tərəfindən inşa edilmiş dördüncü gəmidir. Əsas gəmi - "Prezident Heydər Əliyev" gəmisi 2004-cü ilin sentyabr ayında, "Babək" gəmisi - 2004-cü ilin noyabr ayında, "Şah İsmayıl Xətai" gəmisi isə ötən ilin oktyabr ayında sifarişçiyə təhvil verilib. Beşinci tanker - "Dədə Qorqud" tankeri 2006-cı il may ayının sonunda suya buraxılıb.

Bu layihənin tankeri "çay-dəniz" sinfinə aiddir, on iki yük tankı və bir durulducu tankla təchiz edilib, ikiqat bortlarda və ikiqat dibdə ballast bölməsi var. Onun uzunluğu - 152 m, eni -17,30 m, bortun hündürlüyü - 10,5 m, suya oturma dərəcəsi - 6,99 m, tam yüklə getmə sürəti - 10 dəniz milidir. 13 min tonluq dedveyt liman terminalları yenidən təchiz edilmədən Xəzərdə sərbəst şəkildə istismar edilə bilən gəmi üçün maksimaldır.

Xəbər lenti

Xəbər lenti