Prezident İlham Əliyev və İordaniya kralı II Abdulla Bakıda keçirilən danışıqların yekunları ilə balğı bəyanatla çıxış edib. Trend xəbər verir ki, hər iki ölkə liderləri bildiriblər ki, ikitərəfli əlaqələrin inkişafına, regional və beynəlxalq xarakterli məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminə və Yaxın Şərqdəki vəziyyətə dair müzakirələr aparılıb. Onlar Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətləri genişləndirmək istədiklərini bildiriblər.
Azərbaycan prezidenti İ.Əliyev bəyan edib ki, yaxın illərdə ölkələr arasındakı əməkdaşlığın aspektlərindən biri iqtisadi və ticarət sahələrini əhatə edəcək. Azərbaycan başçısı qeyd edib ki, indiyədək Azərbaycan və İordaniya arasındakı ticarət münasibətləri çox da yüksək səviyyədə olmayıb. Prezident bildirib ki, İordaniya kralının Azərbaycana indiki rəsmi səfəri və hər iki ölkə sahibkarlarının görüşü müsbət dəyişikliklərə səbəb olacaq. İlham Əliyev
əlavə edib ki, bu yaxınlarda İordaniyada Azərbaycanın səfirliyi açılıb və səfirlik yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yardım edəcək. İordaniya kralı ilə şəxsi dostluq münasibətlərinin olduğunu xüsusilə vurğulayan prezident İlham Əliyev qeyd edib ki, bu dostluq Azərbaycan və İordaniya arasında daha möhkəm münasibətlərin yaranması üçün möhkəm əsas olacaq.
İordaniya kralı, öz növbəsində, Azərbaycan prezidenti ilə şəxsi dostluq münasibətlərinin olduğunu vurğulayıb və bildirib ki, bu amil ölkələr və xalqlar arasındakı münasibətlərin möhkəmlənməsinə səbəb olacaq. II Abdulla əlavə edib ki, siyasət və iqtisadiyyat sahəsində iki ölkə qarşısında müəyyən vəzifələr durur. Bu məsələlərin həlli üçün gücləri birləşdirmək lazımdır.