...

Azərbaycan prezidenti İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi haqqında sərəncam verib

Siyasət Materials 30 Avqust 2006 20:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi haqqında sərəncam verib.

Sərəncama əsasən, 2007-ci ildə teatrın 125 illiyi tamam olur. Milli teatr sənətimizin inkişafında mühüm yer tutan İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qafqazın qocaman sənət ocaqlarından biridir.

1882-ci ilin əvvəllərində azərbaycanlılardan ibarət teatr truppasının göstərdiyi tamaşa ilə fəaliyyətə başlamış bu mədəni mərkəz teatr tariximizə parlaq səhifələr yazıb.

Teatr XIX əsrin sonlarında əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvanda özünün maraq doğuran repertuarı ilə tamaşaçıların dərin rəğbətini qazanıb. 1928-ci ildə dövlət statusu alan, 1935-ci ildən görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi milli mədəniyyətimizin tərəqqisində əvəzsiz xidmətlər göstərmiş bir sıra görkəmli səhnə ustasının adı ilə sıx bağlıdır.

İosif Stalinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr və "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli qərarları ilə azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından kütləvi deportasiyasında reallaşan qərəzli siyasət İrəvan teatrının da taleyindən yan keçməyib. Həmin illərdə bağlanan teatr fəaliyyətini yalnız 1967-ci ildə bərpa edə bilib və öz işini çətin şəraitdə davam etdirib. Sovet dövründə Qafqazdakı sərhədlərin süni olaraq müəyyən edilməsi nəticəsində Ermənistan SSR-ə qatılmış tarixi Azərbaycan torpaqlarında yaşayan on minlərlə soydaşımızın Azərbaycan mədəni-ədəbi fikrinin inciləri ilə tanışlığında və milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsində İrəvan Azərbaycan Teatrı qüvvəsini əsirgəməyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar öz doğma yurdlarından xüsusi qəddarlıqla didərgin salındıqları zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 1988-ci ildən Bakı şəhərində məskunlaşan teatr yenə də öz dəst-xətti ilə seçilir və yaradıcılıq uğurları ilə teatrsevərlərin diqqətini daim cəlb edir.

Azərbaycan xalqının mədəni və ictimai həyatında rolunu nəzərə alaraq, İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə prezident Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birlikdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməyi tapşırıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti