Bu gün Bakıya gəlmiş Türkiyənin əmək və sosial müdafiə naziri Murad Başesgioğlu Heydər Əliyev adına hava limanında jurnalistlərə bildirib ki, ölkəyə səfəri zamanı onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.
Trend in xəbər verdiyi kimi, əmək naziri ilə birgə Bakıya Türkiyənin nümayəndə heyəti də gəlib. Nazirin sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan və Türkiyə nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın III iclasının işində iştirak etməkdir. İclas sentyabrın 14-də keçiriləcək.
"Biz bəzi məsələləri və bu günə qədər görülmüş işlərin nəticələrini müzakirə edəcəyik", - deyə o bildirib.
Nazir qeyd edib ki, onun Bakıda Azərbaycan iqtisadiyyatına investisiya yatırmış Türkiyə şirkətləri ilə görüşü də nəzərdə tutulub.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sözlərinə görə, iki ölkə arasında imzalanmış saziş əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. "Təcrübə mübadiləsi mühüm istiqamətlərdən biridir. Əməkdaşlığı genişləndirmək məqsədilə əlavə sazişlərin imzalanması nəzərdə tutulur", - deyə o bildirib.
Bakıya səfər zamanı "17 iyul 1998-ci il tarixli Azərbaycan və Türkiyə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər haqqında" saziş və 6 may 2004-cü il tarixli "Sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin tətbiqi haqqında Müqavilə proseduruna dəyişikliklər haqqında" protokol imzalanacaq.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Heydər Əliyev Fondu ilə, əmək sosial problemləri üzrə tədris və elmi-tədqiqat mərkəzi ilə tanış olacaq.
"Biz elmi-tədqiqat mərkəzinin fəaliyyətini gücləndirmək istəyirik", - deyə Füzuli Ələkbərov bildirib.