Türkiyə tərəfi "Şahdəniz" yatağında hasil edilən Azərbaycan qazını 2006-cı il oktyabr ayının ortalarından almaq istədiyi barədə bildirib. Trend xəbər verir ki, bu barədə bu gün "BP Azerbaijan" şirkətinin başçısı Devid Vudvord məlumat verib. BP şirkəti - "Şahdəniz" layihəsinin operatorudur.
"Qaz Türkiyə ərazisində Cənubi Qafqaz qaz kəməri obyektlərinin istismara verilməsi üçün istifadə olunacaq", - deyə o qeyd edib.
Devid Vudvord Türkiyənin 2006-cı ildə qəbul edəcəyi Azərbaycan qazının həcmini dəqiqləşdirməyib, lakin qeyd edib ki, yanacaq tədarükü müqaviləsi üzrə bütün öhdəliklər qüvvədə qalır.
"Bu ayın sonuna müəyyən edilmiş qaz hasilatının və onun boru kəməri ilə tədarükünün başlanması həmçinin dəyişməz qalır", - deyə o vurğulayıb.
"Şahdəniz" yatağında hasil edilən Azərbaycan qazı "Alqı-satqı haqqında" imzalanmış müqavilə üzrə Azərbaycan, Gürcüstan və Türkiyəyə tədarük ediləcək. Sonrakı mərhələlərdə həmin qaz Türkiyə tərəfindən digər Avropa ölkələrinə ixrac olunacaq.