Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaradılmasının 14 illiyi münasibəti ilə partiya bir sıra tədbirlər keçirəcək. Bu barədə Trend ə VHP-dən məlumat verilib.
VHP-nin yaranmasının ildönümü ilə bağlı sentyabrın 26-da partiyanın mərkəzi aparatında və rayon təşkilatlarında tədbirlər təşkil olunacaq. Tədbirlərdə VHP-nin yaranma tarixi, yürütdüyü siyasi kurs, fəaliyyət istiqamətləri barədə danışılacaq, Azərbaycanın ictimai-siyasi mühitində rolu müzakirə ediləcək.
Qeyd edək ki, VHP 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. Etnik-milli zəmində qarşıdurmaların yarandığı bir vaxtda təsis olunan patiyanın məqsədi Azərbaycanda yaşayan bütün vətəndaşların, etnik qrupların milli birliyinə, həmrəyliyinə nail olmaq, onların fəaliyyətini dövlətçiliyin möhkəmlənməsinə yönəltmək olub. Partiya Azərbaycan müstəqillik qazandığı dövrdən indiyədək keçirilmiş bütün seçkilərdə iştirak edib, 1991-95, 1995-2000, 2000-2005-ci illərdə parlamentdə bir neçə deputatla təmsil olunub. VHP yaranandan indiyədək partiyaya sədrlik edən keçmiş mətbuat və informasiya naziri, xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ildən bu günədək millət vəkilidir və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Bu il keçiriləcək bələdiyyə seçkilərində VHP-nin 1000-ə yaxın üzvü iştirak edir.