Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 22-24-də Berlində Beynəlxalq Bertelsman Forumunda (International Bertelsmann Forum- IBF) iştirak etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.
Tədbirə Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Troyan Basesku, Bolqarıstan prezidenti Georgi Pırvanov, o cümlədən bir sıra hökumət və dövlət başçıları, nazirlər, Avropa ziyalıları dəvət olunub. Forumun keçirilməsində məqsəd Avropada dialoqun dəstəklənməsindən ibarətdir və bununla əlaqədar hökumət, biznes, mədəni dairə və mediya nümayəndələri 2 ildə bir dəfə Avropa siyasətinin cari və strateji məsələlərini müzakirə etmək üçün görüşür.
Bertelsmann Fondu Avropanın mövcud inkişafı üzrə strateji sənəd, o cümlədən böhranların hüquqi həlli yollarını, qlobal rəqabət və təhlükəsizlik siyasətinin digər aspektlərini hazırlayır.
Fondun "Avropa alternativləri - genişlənən Avropada dəyişikliklər və perspektivlər" adlı sonuncu forumu 2004-cü ildə Berlində keçirilib.