...

Qarabağ Azadlıq Təşkilatı özünün bayrağını qəbul edib

Siyasət Materials 25 Sentyabr 2006 16:31 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) özünün bayrağını qəbul edib. Trend in məlumatına görə, bu barədə QAT sədri Akif Nağı sentyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Mətbuat konfransında QAT-ın bayrağı nümayiş etdirildi. Ağ və qara rəngdə olan bayrağın ortasında Azərbaycan xəritəsi təsvir olunan emblem əks olunub: "Azərbaycan xalqının ağlı-qaralı günləri davam edir. Bizim əsas məqsədimiz odur ki, ağ günlər qara günləri üstələsin və tamam sıradan çıxarsın. Ona görə də simvolik olaraq ağ və qara rənglərin vəhdətini bayraqda əks etdirdik"-deyə A.Nağı qeyd edib.

QAT sədri Azərbaycanda bəzi qeyri-hökumət təşkilatların Ermənistana və işğal altında olan Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirib və qeyd edib ki, bu səfərlər işğalçılarla əməkdaşlıq formasına keçməməlidir. A.Nağı vurğulayıb ki, Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ məsələsində vahid mövqe olmalı və heç kəs fikir ayrılıqlarına yol verməməlidir. Bu məqsədlə QAT "Milli Birlik" sazşi imzalanmasını təklif edir.

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti