Azərbaycan və Belarus Ticari-iqtisadi əməkdaşlıq haqqında Müqavilə imzalayacaqlar. Belarus Respublikasının Azərbaycandakı səfirliyinin ikinci müşaviri Kirill Kamışevin Trend ə verdiyi məlumata görə, sənəd Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 17-18-də nəzərdə tutulmuş Belarusa rəsmi səfəri zamanı imzalanacaq.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi ekspert qrupu artıq Minskdədir və orada Belarus ekspertləri ilə birgə Azərbaycan prezidentinin səfəri zamanı imzalanması nəzərdə tutulan ikitərəfli sənəd layihələri üzərində işləyirlər. Söhbət siyasi, iqtisadi və humanitar xarakterli sənədlərdən gedir. İki dövlət başçısının Siyasi bəyannamə imzalayacağı ehtimal olunur.
Diplomat qeyd edib ki, səfər proqramı indi iki ölkə ekspertləri səviyyəsində hazırlanır.
Xatırladaq ki, bu, İlham Əliyevin Belarusa ilk rəsmi səfəridir.