Azərbaycan Milli Bankı İdarə Heyətinin növbəti iclasında Azərbaycan İpoteka Fondunun (AİF) kotirovka dərəcəsinin aşağı salınması ilə bağlı qərar qəbul olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Xəzər inteqrasiya və işgüzar klubunun görüşündə AİF-in icraçı direktoru Faiq Məmmədov bildirib.
Hazırda Azərbaycan İpoteka Fondunun kotirovka dərəcəsi 6 % təşkil edir. Onun sözlərinə görə, dərəcənin aşağı salınmasında əsas məqsəd ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsi sistemini genişləndirməkdir.
"Kotirovka dərəcəsi simvolik bir dərəcədir, amma bazar tələbatları və əhalinin gəlirləri nəzərə alınaraq, onun aşağı salınmasına zərurət var və bunun da nəticəsində ipoteka krediti üzrə orta dərəcə də aşağı salına bilər", - deyə o bildirib.
Hazırda ipoteka kreditləri üzrə minimal dərəcə illik 8 %, maksimal isə 12 % təşkil edir.
O hesab edir ki, Azərbaycanda ipoteka kreditləri üzrə stavka başqa ölkələrə nisbətən aşağıdır. Rusiyada ən aşağı stavka 11,5%, Qazaxıstanda 10% (sosial ipoteka üzrə), Özbəkistan və Qırğızıstanda 14%, Ukrayna da isə 12 % təşkil edir.