Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radası Xarici İşlər Üzrə Komitəsi sədrinin birinci müavini Oleq Bilorus Milli Məclisdəki Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq qrupunun üzvləri ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü, qrupun rəhbəri Fərrux Zeynalov qeyd edib ki, Ukrayna bizim strateji müttəfiqimizdir. Azərbaycan dost Ukrayna ilə GUAM və ATƏT çərçivəsində sıx əməkdaşlıq edir.
F.Zeynalov ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişafında dostluq qruplarının rolundan söz açıb. Qrupların fəaliyyətini yüksək qiymətləndirən millət vəkili deputatlarımızın qarşılıqlı səfərlər etməsini, beynəlxalq tədbirlərdəki görüşlərinin bu əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.
Oleq Bilorus səfərinin məqsədi barədə danışıb. Qeyd edib ki, həqiqətən də əlaqələrimizin hərtərəfli inkişafında dostluq qruplarının rolu böyükdür. Ukrayna Ali Radasında da Azərbaycan parlamenti ilə dostluq qrupu yaradılıb.