...

Səfir: GUAM BMT-yə dondurulmuş münaqişələr üzrə yeni qətnamə təqdim edəcək

Siyasət Materials 2 Noyabr 2006 16:15 (UTC +04:00)
Səfir: GUAM BMT-yə dondurulmuş münaqişələr üzrə yeni qətnamə təqdim edəcək

Trend in Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin başçısı Aqşin Mehdiyevlə eksklüziv müsahibəsi

- Siz yeni işinizə nə vaxt başlayırsınız və ABŞ-a nə zaman yola düşürsünüz?

- İndi mən texniki məsələlərin həlli ilə məşğulam. Ümid edirəm ki, bu həftənin sonunadək onları həll edə biləcəyəm. Mən artıq XİN-də oldum, nazirlə görüşdüm, respublika rəhbərliyindən konkret təlimatlar aldım. Nyu-Yorka gələn həftənin əvvəlində yola düşməyi planlaşdırıram.

- BMT öz strukturu və funksiyalarına görə Avropa Şurasından fərqlənir. Hazırda bu təşkilat da Azərbaycan və GUAM-a üzv olan digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bir il ərzində dondurulmuş münaqişələr haqqında məsələ BMT Baş Assambleyasının gündəliyində olacaq. Azərbaycan nümayəndəsi kimi bu təşkilat çərçivəsində Sizin tərəfinizdən hər hansı təşəbbüslər olacaqmı?

- Həmişə yeni işə başlayanda böyük planlar olur. İndi onlar haqqında danışmaq hələ tezdir. Mənim üçün bu fəaliyyət bir qədər yenidir. Yəqin ki, əvvəlcə ətrafa bələd olmaq lazımdır. Hazırda BMT-də bəzi işlər görülür, o cümlədən işğal olunmuş ərazilərdə yanğınlar üzrə qətnamə, GUAM qətnaməsi hazırlanır. Yəqin ki, ilk növbədə bu istiqamətdə fəaliyyət göstərmək və sonradan bizim milli maraqlarımıza cavab verənləri harada və necə əldə edə biləcəyimizi aydınlaşdırmaq lazımdır. Çox güman ki, Qarabağ tematikası üstünlük təşkil edəcək.

- BMT Azərbaycan üzrə 4 qətnamə qəbul edib. Siz bu məsələləri qaldırmağı planlaşdırırsınızmı?

- Hələ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar gedir, bu məsələ dəfələrlə qaldırılacaq. Lakin hələ münaqişənin sülh yolu ilə nizamlanması üçün şans var, üstünlük danışıqlara veriləcək. Lazım gələrsə, Azərbaycan da beynəlxalq səviyyədə bütün lazımi tədbirlərə əl atacaq, o cümlədən biz də Təhlükəsizlik Şurasının bu qətnamələrini reanimasiya etməyə çalışacağıq.

- Dekabrın 4-də BMT-də yenə də GUAM ölkələri ərazisində dondurulmuş münaqişələrə dair məsələyə baxılacaq. Bu müzakirələrdən nə gözləmək olar?

- Gəlin hadisələri qabaqlamayaq. Hələ söhbət müzakirələrdən gedir, gələcəkdə isə GUAM təşkilatına üzv olan ölkələr qətnamə layihəsini təqdim edəcəklər. Bu, GUAM ölkələrinin birgə layihəsi olacaq və layihədə Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələr də daxil olmaqla, bütün məsələlər öz əksini tapacaq. İndi tərəflər bunun üzərində işləyir.

- Siz Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi vəzifəsindəki fəaliyyətinizi necə qiymətləndirirsiniz? Bu vəzifədə olan müddətdə nələrə nail ola bildiniz?

- Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olana qədər bizim belə təcrübəmiz yox idi. Azərbaycan o vaxta qədər bu cür təşkilatlara üzv olmamışdı. Çoxlu praktiki məsələlər həll olunmalı idi. Azərbaycanın Avropa Şurasının üzvü olmağa hazırlaşarkən üzərinə götürdüyü müxtəlif öhdəliklərin uzun siyahısı var idi. Bu günə qədər bu öhdəliklərin 90-95 faizi yerinə yetirilib. Bəzi spesifik məsələlər, o cümlədən alternativ xidmət haqqında qanun, milli azlıqların dilləri üzrə çərçivə konvensiyası qalıb. Bu məsələlər bu və ya digər şəkildə münaqişə ilə əlaqədardır. Yəqin ki, vaxtın münaqişənin sonuna qədər uzadılmasına dair Avropa Şurası ilə razılığa gəlmək lazımdır, çünki öz qonşusu ilə müharibə şəraitində olan ölkədə alternativ xidmət haqqında qanunun qəbul edilməsi kifayət qədər çətin məsələdir.

- Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmmməruzəçiləri Bakıdadır. Onlar səfərin yekunu üzrə hesabat hazırlamalı və Azərbaycandakı vəziyyəti qiymətləndirməlidirlər. Siz onların hesabatından nə gözləyirsiniz?

- Mən bu hesabatda müsbət tərəfə dəyişiklərin, o cümlədən siyasi məhbuslar aspektinin öz əksini tapacağını gözləyirəm. Bu məsələ artıq bağlanıb və daha danışmağa heç nə qalmayıb. Həmçinin məhkəmə, həbs cəzası sistemində islahatları da qeyd edə bilərəm. Şübhəsiz, hər hansı tənqid, irad olacaq. Bu cür məsələlərə hazır olmalı və onları sakit şəkildə qəbul etməliyik. Bu çatışmazlıqları Avropa Şurası ilə birgə necə aradan qaldırmaq barədə düşünməliyik.

- Siz qeyd etdiniz ki, Avropa Şurasında siyasi məhbuslar məsələsi qapanıb. Lakin həmməruzəçilərlə görüş zamanı yerli hüquq mühafizəçiləri bildiriblər ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi vəzifəsini bərpa etməyə ehtiyac var. Bu bəyanatı necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, özlərini hüquq mühafizəçisi adlandıranların bəziləri açıq şəkildə Azərbaycana qarşı işləyirlər. Onlar xaricin göstərişi ilə fəaliyyət göstərirlər. Həmin şəxslər hüquq mühafizəçisi deyil, bu cür işlərdən pul qazanan iş adamlarıdır. Əlbəttə ki, bu sözləri onların hamısına şamil etmək olmaz, lakin təəssüf ki, aralarında belələri də var.

Əgər məsələyə ciddi yanaşsaq, hazırda yer kürəsində siyasi məhbusun dəqiq tərifini verə biləcək heç bir adam yoxdur. Mənim fikrimcə, əgər siz bu məsələyə toxunmusunuzsa, siyasi məhbus heç bir kriminal cinayət törətməyən, lakin müstəsna olaraq öz siyasi baxışlarına görə həbs olunan adam ola bilər. Bu hüquq mühafizəçilərinin siyahısında olan insanlar arasında bir sıra ciddi cinayətlər törətmiş şəxslər də var. Mən hesab edirəm ki, onları həbsdən azad etmək olmaz. Onlar bir çox günahsız insanın ölümündə günahkardırlar.

- AŞPA-nın qış sessiyasında Azərbaycan üzrə məsələnin müzakirə ediləcəyi gözlənilirmi?

- Qış sessiyasında Cənubi Qafqazda qaçqın və başqa yerə köçürülmüş şəxslər üzrə məsələnin nəzərdən keçirilməsi mümkündür. Azərbaycan üzrə müzakirələrin əsasən aprel sessiyasında keçiriləcəyi planlaşdırılır. Toni Lloyd və Andres Herkelin məruzəsi də həmin sessiyada müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti