...

Polşa Senatı sədrinin Azərbaycana səfəri çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq

Siyasət Materials 6 Noyabr 2006 19:39 (UTC +04:00)

"Polşa Senatı sədrinin Azərbaycana səfərindən sonra Azərbaycan-Polşa parlamentlərarası münasibətlərinin inkişafı daha da dərinləşəcək. Səfər Azərbaycan-Polşa münasibətlərinin gələcək perspektivi üçün çox mühüm addımdır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.

O qeyd edib ki, noyabrın 7-də Polşa Respublikası Senatının (parlamenti) sədri Boqdan Boruseviç Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gələcək. Bu səfər çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub.

"Səfər çərçivəsində əvvəlcə spikerlər arasında təkbətək, sonra geniş tərkibdə görüşlər keçiriləcək. Bundan başqa Polşa Senatı sədrinin Azərbaycanın bir sıra dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə qarşılıqlı əlaqələrlə bağlı məsələlər müzakirə ediləcək. Həmçinin burada Polşanın milli sərgisi açılacaq. Açılışda hər iki ölkə parlamentinin sədrləri iştirak edəcəklər. Polşanın milli bayramı münasibətilə Polşanın Azərbaycandakı səfirliyi də tədbir təşkil edəcək və bu mərasimdə hər iki spiker iştirak edəcək"-deyə A.Nəsirov bildirib.

Mətbuat katibi onu da əlavə edib ki, son zamanlar Azərbaycanın bir sıra dövlətlərlə sıx münasibətləri, o cümlədən parlamentlərarası əlaqələr genişlənir, əməkdaşlıqlar artır. Onun sözlərinə görə, B.Boruseviçin səfəri zamanı keçirilən görüşlərdən, aparılan danışıqlardan, həyata keçiriləcək tədbirlərdən sonra Azərbaycan-Poşa münasibətləri daha da dərinləşəcək.

Xəbər lenti

Xəbər lenti