Trend in Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevlə eksklüziv müsahibəsi
- Siz 6 ay əvvəl bu vəzifəyə təyin olunmusunuz. Ötən dövr ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətində hansı dəyişikliklər baş verib?
- Siyasətimizin strategiyasını Azərbaycan prezidenti müəyyən edir. Bu strategiya bir neçə il ərzində həyata keçirilir. O, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xəttin davamıdır.
Mənim sələfim, keçmiş səfir Ramiz Həsənov, bu xətti kifayət qədər uğurla davam etdirib və Gürcüstandakı səfirliyin kollektiv və nüfuzunun formalaşması üçün çox şey edib. Biz o dövrdə əldə olunmuş nailiyyətləri dəstəkləməyə çalışırıq.
Bununla yanaşı, bütün kollektivlərdə olduğu kimi, bizim də uğurlarımız olur, problemlərimiz yaranır və biz onları həll etməyə çalışırıq. Ötən yarımillik dövr ərzində nələrin edildiyi barədə danışsaq, M.F.Axundovun abidəsini misal göstərə bilərik. Abidə bərpa olunaraq, Tbilisidə onun adını daşıyan 73 saylı məktəbin həyətində öz yeni yerini tutub. Abidə 1991-ci ildə oğurlanmışdı. Lakin sonra vaxtilə abidəni gizlətmiş Tbilisi sakinləri, gürcülər tapıldı və abidəni səfirliyin sərəncamına verdilər. Sonra onun harada qoyulması barədə məsələ qaldırıldı. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüş zamanı biz onu 73 saylı məktəbin qarşısında yerləşdirmək barədə razılığa gələ bildik.
Bu yaxınlarda Gürcüstanın mədəniyyət naziri Georgi Qabaşvili ilə uzun danışıqlar nəticəsində iki muzeyin Gürcüstanın dövlət reyestrinə daxil edilməsi məsələsi həll olundu. Bu muzeylər nominal olaraq mövcud idilər, lakin dövlət muzeyi deyildilər. Bunlar N.Nərimanov və C.Məmmədquluzadənin ev muzeyləridir. Muzeylər acınacaqlı vəziyyətdədir, lakin onların dövlət reyestrinə daxil edilməsi ümid verir ki, tezliklə onlar lazımi vəziyyətə gətiriləcək.
Eyni zamanda, Tbilisi meriyasının nümayəndələri ilə razılığa əsasən, səfirlik N.Nərimanov muzeyinə gedən yolu qaydaya sala bildi.
Humanitar yardım kimi Gürcüstanın Səhiyyə Nazirliyinə verilən iki təcili yardım maşını ilə bağlı məsələ həll olundu. Bu maşınları parlamentimizin spikerinin birinci müavini Ziyafət Əsgərov verib. Lakin sonra gürcü tərəfi Azərbaycandan hər maşına görə rüsum qismində 2000 ABŞ dolları tələb etdi. Yalnız bu yaxınlarda səfirliyin uzun və israrlı işi və mövqeyi nəticəsində bu məsələ qəti şəkildə nizama salındı.
- Azərbaycan-Gürcüstan sərhədinin kəsişməsi məsələsi hələ də aktualdır. Gürcüstan sərhədçiləri qatarları yoxlayanadək azərbaycanlılar saatlarla gözləməli olurlar. Avtomobillərə dolu benzin bakı ilə sərhəddən keçməyə icazə vermirlər, yük daşınmasına da məhdudiyyətlər qoyurlar.
- Təəssüf ki, bu problemlər mövcuddur. Onlar hər zaman səfirliyin diqqət mərkəzindədir. Bununla əlaqədar mən sərhəddə oldum. Laqodexi rayonunun başçısı da mənimlə birgə orada idi. Biz bu rayonun sakinlərini dinlədik, gömrük postunun növbə rəisi ilə söhbət etdik. O bildirdi ki, Gürcüstan -Azərbaycan sərhədini keçən maşının bakında 5 litrdən artıq benzinin olmaması haqqında onlarda heç bir yazılı göstəriş, bu qaydanın müəyyən olunması haqqında normativ akt yoxdur. Lakin onda rəhbərliyin şifahi göstərişi var və həmin rəhbərlik də öz növbəsində həmin göstərişi yuxarı rəhbərlikdən alıb. Bu söhbət Laqodexi rayonu icra hakimiyyəti başçısının yanında oldu. Məlumat rəhbərliyin diqqətinə çatdırıldı, lakin təəssüf ki, hələ də heç bir tədbir görülməyib.
Qatarların gecikməsinə gəlincə, burada da böyük problemlər var, çünki normativdə qatar Qardabani stansiyasında bir saatdan artıq dayanmamalı olduğu halda, 4-5 saat gecikirdi. Bütün qatarlar yoxlanılır. Bu, ikitərəfli münasibətlərə ciddi şəkildə ziyan verir, çünki adətən sərnişin adi vətəndaşdır və onu təntənəli sözlər deyil, komfort və rahatlıq maraqlandırır. Və belə adamı sonra Gürcüstanın Azərbaycana və Azərbaycan xalqına qarşı yaxşı münasibətdə olduğuna inandırmaq çox çətin olur. Biz nə etsək də və bizim Gürcüstanla münasibətlərimizin həqiqətən də yaxşı olduğunu sübut etsək də, belə hallar baş verir.
Görülən işlər və danışıqlar nəticəsində qatarların dayanmasını 2-3 saata endirə bildik. Lakin bu da qeyri-normal haldır. Qışda buna dözmək olar. Lakin əgər bu istidə, yay aylarında baş verirsə, heç olmasa 2-3 saat ərzində kondisionersiz bağlı vaqonda oturmaq çox çətindir.
- Azərbaycanın Gürcüstanı hər vasitə ilə, xüsusilə də ölkə üçün böhranlı vəziyyətlərdə dəstəkləməsinə baxmayaraq, Siz bizə qarşı bu cür münasibəti necə qiymətləndirirsiniz?
- Hər şeydən əvvəl demək istərdim ki, bu, gürcü xalqının münasibəti deyil və hətta mən inanıram ki, bu gürcü rəhbərliyinin də münasibəti deyil. Çünki onlar hər zaman Azərbaycanın dostu olan xalq və ölkədir, bizim dostluğumuz əsrlər boyu davam edir. Biz Gürcüstanla strateji tərəfdaşıq və bizim tərəfdaşlığımız uğurla davam edir. Düşünürəm ki, sadəcə olaraq bizim Gürcüstanla münasibətlərimizi korlamaqda maraqlı olan qüvvələr var və biz birgə bu qüvvələri görməli və onların səylərini neytrallaşdırmalıyıq.
- Yeri gəlmişkən, Gürcüstanın qazla təmin olunması məsələsi yenə də gündəliyə daxil edilib. Rusiyanın "Qazprom" şirkəti yeni ildən Gürcüstan üçün qazın qiymətinin 230 dollara qədər artırılacağını bildirib. Gürcüstan qazı Azərbaycan, İran və Türkiyədən almağı düşünür. Azərbaycan bu dəfə də Gürcüstana kömək edə bilərmi?
- Hamıya yaxşı məlumdur ki, Azərbaycan dəfələrlə Gürcüstana yardım edib və bu cür vəziyyətlərdə onun dadına çatıb, dərhal onun bütün müraciətlərinə cavab verib. Bu ilin əvvəlindəki vəziyyət buna misal ola bilər. O vaxt Azərbaycan öz qərb rayonlarının istehlakını azaldaraq, Gürcüstana elektrik enerjisi və qaz tədarük edib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən operativ şəkildə yerinə yetirildi və bütün Azərbaycan xalqı tərəfindən dəstəkləndi.
Mən düşünürəm ki, Azərbaycan bu siyasəti davam etdirəcək. Lakin Azərbaycan Rusiyadan bahalı qaz almalı olsa, o zaman, təbii ki, Azərbaycanın özünə ziyan vuraraq, qazı aşağı qiymətlə satması real deyil. Həmçinin öz daxili tələbatlarımızı necə təmin etmək barədə də düşünməli olacağıq. Lakin əgər imkan olsa, Azərbaycan heç vaxt Gürcüstana yardım etməkdən imtina etməz.
- Hazırda Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə fəal işlər görülür və həmçinin David Qaraci kompleksi ilə bağlı məsələ də həll olunur. Son vaxtlar gürcü mətbuatı məqalələr dərc etməyə başlayıb ki, guya Azərbaycan sərhədçiləri Gürcüstan ərazisinə keçərək, qanunu pozurlar. Bu cür faktlar varmı?
- Mən bu məsələnin tarixi aspektinə toxunmayacağam. Bu, tarixçilərin işidir. Bu məsələ üzrə azərbaycanlı və gürcü tarixçiləri arasında fikir ayrılığı var. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının fəaliyyətinə gəlincə, komissiya son vaxtlar öz fəaliyyətini xeyli artırıb. Əgər ötən 10 il ərzində sərhədin 5-6 faizi razılaşdırılmışdısa, indi artıq 65 faizi razılaşdırılıb. Sizin dediyiniz ərazi hələ razılaşdırılmayıb, ona görə də kiminsə və nəyinsə sərhədi pozması haqqında danışmaq hələ tezdir. Komissiyanın qərarını gözləmək lazımdır. Mən düşünürəm ki, məsələni bu müstəvidə qaldırmaq və müzakirə etmək Azərbaycan -Gürcüstan münasibətlərinə zərər verməyə çalışmaq deməkdir.
- Gürcü tərəfi hesab edir ki, kompleks tamamilə onun sərəncamına verilməlidir. Siz bunu mümkün hesab edirsinizmi?
- Bizim Konstitusiyamız var və ona əsasən Azərbaycan sərhədində istənilən dəyişiklik yalnız referendum yolu ilə həll oluna biləcək məsələdir. Əgər birdən Azərbaycan xalqı referendumda hansısa səbəbdən bu ərazinin Gürcüstana verilməsinə səs versə, şübhəsiz, bu mümkün olacaq. Azərbaycan sərhədinin dəyişməsi üçün başqa yol yoxdur.
- Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır. Hazırda onların təhsil məsələsi aktualdır. Gürcü höküməti qəbul imtahanlarının vahid sistemini tətbiq etməyə başlayıb və beləliklə, imtahanlar gürcü dilində keçirilir. Bu göstərir ki, orta məktəbdə yalnız indi gürcü dilini öyrənməyə başlayan azərbaycanlılar ciddi problemlərlə üzləşirlər.
- Gürcüstanda aparılan islahatlar kifayət qədər mütərəqqidir və ölkədə təhsilin təkmilləşdirilməsinə yönəldilib. Lakin təəssüf ki, onlar bu cür islahatlara hazır olmayan azərbaycanlı əhali üçün bir sıra problemlər yaradıb. Həmin islahatlar bir neçə prinsip üzərində qurulub. Birincisi, bu, gürcü dilində ali təhsildir. Yəni əhalinin gürcü dilini yaxşı bilməyən hissəsi Gürcüstan vətəndaşı olmalarına baxmayaraq, ali təhsil almaq imkanından məhrum olacaq. şübhəsiz, burada hansısa keçid dövrü olmalı idi. Bu islahatlar prosesində birdən -birə gürcü dilinə keçmək, ola bilər ki, çox tez idi. Nəticədə, əlbəttə ki, bütün ölkə vətəndaşları dövlət dilini bilməlidirlər.
İkinci məqam - orta məktəblərin vauçerləşdirilməsidir. Yəni məktəblərin maliyyələşdirilməsi prinsipi vauçerlərə əsaslanıb. Gürcüstanda azərbaycanlıların təhsil aldığı bir neçə yüz kənd məktəbi və Tbilisidə bir məktəb var. Hər bir məktəb konkret təhsil ilində nə qədər şagird yığıbsa, o qədər vauçer alır. Ölkənin iqtisadi vəziyyəti kifayət qədər yüksək olmadığından, iqtisadi vəziyyətdən asılı olaraq, bu məbləğin ildən -ilə dəyişdiyini və bu gün onun qiymətinin o qədər də yüksək olmadığını nəzərə alaraq, xeyli kənd məktəbi şagirdlərin sayının azlığı səbəbindən bağlanmaq təhlükəsi altındadır. Mən Zalka rayonundakı məktəblərdən birində oldum və bu cür soyuq iqlim şəraitində orada binanı qızdırmaq üçün heç bir vasitə yoxdur.
- Bakı onları necə dəstəkləyir?
- Azərbaycan əlindən gələni edir. Yalnız bu il onlarla kompüter paylanıb, bütün siniflər üçün dərsliklər gətirilib və paylanıb. Hətta Azərbaycanda bu dərsliklər 4 ildə bir dəfə yenilənir, bura isə hər il göndərilir. Hər bir məktəbdə artıq sonrakı illər üçün dərslik fondu yaradılıb. Sentyabr ayında Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Gürcüstandakı Azərbaycan məktəblərinin birinci sinif şagirdləri üçün çanta və dərs ləvazimatları göndərib.