...

Nazim İbrahimov: "ABŞ-ın bütün ştatlarında Azərbaycan diaspor təşkilatları yaradılacaq"

Siyasət Materials 15 Noyabr 2006 12:25 (UTC +04:00)
Nazim İbrahimov: "ABŞ-ın bütün ştatlarında Azərbaycan diaspor təşkilatları yaradılacaq"

ABŞ-ın 50 ştatının hamısında Azərbaycan diaspor təşkilatları yaradılacaq. Bu barədə Trend ə hazırda ABŞ-da səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

Qeyd edək ki, Amerika Türkləri Assosiasiyaları Assambleyasının (ATAA) noyabrın 9-dan 11-dək Vaşinqtonda keçirilən 27-ci qurultayında iştirak etmək üçün Nazim İbrahimov ABŞ-a səfərə gedib. Qurultaydan sonra o, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirib.

"Hesab edirik ki, ABŞ-ın hər bir ştatında diaspor təşkilatlarımızın yaradılması zəruridir. Biz diaspor nümayəndələrimizin bu kimi təkliflərini məmnuniyyətlə qəbul edib, onlara lazım olan yardımları göstəririk. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporu ilə Vaşinqtonda keçirilən görüşümüzdə bu qərara gəldik ki, bütün ştatlarda azərbaycanlıların cəmiyyətləri, diaspor təşkilatları olsun. Ona görə də çox güman ki, gələn il, demək olar ki, bütün ştatlarda belə qurumlar təsis ediləcək", - deyə N.İbrahimov bildirib.

N.İbrahimov onu da deyib ki, Dövlət Komitəsi ayrı-ayrı ölkələrdə soydaşlarmızın təşkilatlarını yaratmamalıdır, diasporumuz özü belə təşəbbüslər göstərməli və dövlət qurumu da lazım olan dəstəyi verməlidir: "Dövlət Komitəsi həmişə xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini, biriyini, təşkilatlanmasını dəstəkləyib və bundan sonra da bu istiqamətdə öz üzərinə düşən vəzifəni yerinə yetirəcək".

Komitə sədri əlavə edib ki, ABŞ-da səfərdə olduğu müddətdə artıq yeni bir diaspor qurumu - Florida Azərbaycanlıları Cəmiyyəti təsis olunub.

Xəbər lenti

Xəbər lenti