...

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Siyasət Materials 17 Noyabr 2006 11:30 (UTC +04:00)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

1992-ci ildən 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu barədə Trend xəbər verir.

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Rəsmi Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmurdular, həm də onları cismən məhv edir, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizmə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi.

Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevral ayının əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduğu halda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt I.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və sovet hökumətinin bu münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Iətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Xəbər lenti

Xəbər lenti