...

Nazim İbrahimov: "Rusiya rəhbərliyinin məqsədi azərbaycanlıları ölkədən çıxarmaq deyil"

Siyasət Materials 24 Noyabr 2006 13:38 (UTC +04:00)
Nazim İbrahimov: "Rusiya rəhbərliyinin məqsədi azərbaycanlıları ölkədən çıxarmaq deyil"

"Rusiya Federasiyası hökumətinin ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasını məhdudlaşdırmaqda məqsədi burada yaşayan azərbaycanlıları uzaqlaşdırmaq deyil. Hökumətin qərarı təkcə azərbaycanlılara deyil, başqa xalqların nümayəndələrinə də şamil edilir". Trend in məlumatına görə, bu fikirləri noyabrın 24-də mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bilirib.

O qeyd edib ki, Rusiyada qeydiyyatsız yaşayan azərbaycanlıların əksəriyyəti Gürcüstan vətəndaşlarıdır. Həm də Azərbaycan vətəndaşlarına qarşı tətbiq olunacaq bir qədər yumşaq qərar Gürcüstan vətəndaşlarına şamil edilmir. Ona görə də Rusiya hökumətinin qərarının icrası zamanı Gürcüstan azərbaycanlıları çətinliklərlə üzləşəcəklər. Nazim İbrahimov prezident İlham Əliyevin "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" sərəncam verdiyini, bununla bağlı xüsusi Komissiya yaradıldığını xatırladıb. O əlavə edib ki, Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti 3 gündən sonra Rusiyaya gedəcək, bu ölkədə yaşayan azərbaycanlıların problemlərini müvafiq rəsmi şəxslərlə müzakirə edəcək. Həmçinin Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlıların sayı, vətəndaşlığı, qeydiyyatı ilə bağlı araşdırma aparıb arayış hazırlayacaq. N.İbrahimovun sözlərinə görə, Rusiyada 2 milyon yarım azərbaycanlı yaşayır, lakin onlardan yalnız 700 min nəfərinin qeydiyyatı var.

Komitə sədri Rusiyada yaşayan azərbaycanlıların tez bir zamanda qeydiyyata düşməsinin, əgər hələ də Azərbaycan vətəndaşıdırlarsa, vətəndaşlıqdan çıxıb Rusiyada hüquqi qaydalara əməl etmələrinin vacibliyini vurğulayıb: "Rusiya nümayəndələri ilə görüşlərdə əmin oldum ki, ölkə rəhbərliyinin məqsədi miqrasiyadan təsir vasitəsi kimi istifadə etmək, azərbaycanlıları ölkədən çıxarmaq deyil".

Xəbər lenti

Xəbər lenti