...

Bahar Muradova: "Müxalifətçi deputatlar bizim dostlarımızdır və onlarla sülh şəraitində yaşayırıq"

Siyasət Materials 1 Dekabr 2006 15:16 (UTC +04:00)

"Bu günədək qanunun aliliyi prinsipini hər zaman gözlədiklərini bəyan edən media orqanları vaxtında müvafiq dövlət qurumları ilə münasibətlərini hüquqi müstəvidə tənzimləməyiblər. Bunu lazım bilməyiblər və hesab ediblər ki, necə istəyirlər, elə də fəaliyyət göstərə bilərlər. Lakin Azərbaycanda yalnız qanunlar alilik təşkil edir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən Milli Məclisin vitse-spikeri Bahar Muradova səsləndirib.

O, ANS teleanalının bağlanması, "Azadlıq" qəzeti və digər media qurumlarının yerləşdiyi binadan çıxarılmasına münasibətini bildirərkən deyib ki, ölkədə qanunun tələblərinə hər kəs cavabdehlik daşımalı, məsuliyyətlə yanaşmalıdır. B.Muradovanın sözlərinə görə, bu məsələdə heç kim demokratiyanın, söz azadlığının qarşısını kəsmir: "Bu mövqeyini iki gün əvvəl ölkə prezidenti özü də bəyan etdi. Onun bu mövqeyindən kənar bir mövqe nə parlament, nə digər dövlət orqanları tərəfindən göstərilir. Bu məsələ parlamentdə də qaldırıldı, o zaman spiker Oqtay Əsədov, həmçinin mən mövzuya toxunduq. Hələ o zaman ANS bağlanmamışdı, "Azadlıq" qəzeti məhkəmə qərarı ilə binadan çıxarılmamışdı. O zaman da dedik ki, bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur, çünki problem hüquqi tənzimləmə tələb edir"-deyə B.Muradova vurğulayıb.

O, müxalifətçi deputatların çıxışınlarına imkan yaradılmaması barədə fikirlərə də toxunub. Qeyd edib ki, Azərbaycan paralmentində hər bir məsələ ilə bağlı millət vəkillərinin fikir söyləmək imkanları var: "Daxili Nizamnaməyə uyğun şəkildə davranmaq, vaxtında çıxışa yazılmaq lazımdır. Sual əvəzinə çıxış etmək, çıxış əvəzinə sual vermək lazım deyil. Parlamentdə fəaliyyət göstərən müxalifətçi deputatlar bizim dostlarımızdır. Hadisələrə fərqli baxışlarımız var, bu da demokratiyanın təzahürü kimi qəbul olunmalıdır. Onlarla barış, sülh şəraitində yaşayırıq və kimsə də bizdən başqa tamaşa gözləməsin".

B.Muradova onu da vurğulayıb ki, Azərbaycanda demokratik mühit, fikir azadlığı var:

"Söz azadlığının boğulması barədə fikir söyləyən insanların sözlərini onların öz şəxsi fikirləri kimi qəbul edirik və bundan narahat deyilik".

Xəbər lenti

Xəbər lenti