Ukraynanın baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 19 Dekabr 2006 15:33 (UTC +04:00)

Ukraynanın baş naziri Viktor Yanukoviç Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə bir gün əvvəl Ukraynanın hökümət başçısı ilə görüşən Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Tələt Əliyev Trend ə eksklüziv olaraq məlumat verib.

Səfirin sözlərinə görə, səfər bu ilin sonuna qədər və ya gələn ilin əvvəlində ola bilər. Diplomat bildirib ki, daha konkret müddət yaxın vaxtda müəyyən olunacaq.

Ukrayna Azərbaycanla, o cümlədən ticari-iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və səfir bu mövqeyini həmin ölkənin baş naziri ilə görüşdə bildirib. Ukraynanın hökümət başçısı ikitərəfli əmtəə dövriyyəsinin həcminin artdığını qeyd edib və yanacaq-energetika kompleksindəki əməkdaşlığı, o cümlədən Xəzər enerji daşıyıcılarının Avropa bazarına nəqli üzrə ümumi layihələrin reallaşdırılmasını iqtisadi qarşılıqlı əlaqənin ən perspektiv istiqaməti adlandırıb.

Səfir qeyd edib ki, görüşdə Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın yeddinci iclasının qərarlarının reallaşdırılması məsələləri müzakirə olunub. Tərəflər həmçinin iki ölkənin maşınqayırma, təyyarə istehsalı, kimya sənayesi və b. sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirib.

T.Əliyev həmçinin müvəqqəti olaraq bu ölkədə yaşayan azərbaycanlıların hüquqları, onların hüquqlarının Ukrayna vətəndaşlarının hüquqlarının səviyyəsinə çatdırılması, onların sosial hüquqlarının təmin olunması ilə bağlı məsələləri Ukraynanın hökümət başçısının nəzərinə çatdırıb. Səfirin sözlərinə görə, bu gün Ukraynada bu sahədə belə böyük problemlər yoxdur, lakin Azərbaycan səfirliyi öz vətəndaşlarının hüquqlarının qorunması üçün qabaqlayıcı tədbirlər görür. T.Əliyev Ukraynanın baş naziri ilə görüşdə həmçinin Azərbaycanın Mədəniyyət mərkəzinin yaradılmasına yardımla bağlı məsələni də qaldırıb.

Xəbər lenti

Xəbər lenti