...

Politoloq R.Musabəyov: "Türkmənbaşının dəyişməsi Azərbaycan-Türkmənistan münasibətlərində dəyişiklik üçün imkanlar aça bilər"

Siyasət Materials 22 Dekabr 2006 12:27 (UTC +04:00)

"Türkmənistanda ölkə rəhbərinin dəyişməsi Azərbaycan-Türkmənistan münasibətlərində dəyişiklik yaranması üçün imkanlar aça bilər". Bu fikirləri Trend ə açıqlamasında politoloq Rasim Musabəyov bildirib.

O deyib ki, türkdilli dövlətlər olmasına baxmayaraq, Azərbaycan-Türkmənistan münasibətləri olduqca pis idi və bu münasibətlərə müsbət dəyişiklik gətirmək səyləri də nəticə verməyib. Türkmənbaşının vəfatından sonra hakimiyyətə gələcək yeni rəhbərin qonşu dövlətlərlə münasibətləri normallaşdırması ehtimal oluna bilər: "Yeni türkmənbaşının fərqli siyasət yürüdəcəyini ona görə ehtimal etmək olar ki, hər bir yeni rəhbər özünün beynəlxalq aləmdə qəbul olunması üçün daha konstruktiv mövqedən çıxış etməyə məcburdur. Saparmurad Niyazov uzun müddət Türkmənistanın rəhbəri olduğu üçün qonşu dövlətlərlə münasibətdə özünü daha arxayın aparır, çox vaxt subyevtiv mövqedən çıxış edirdi. Yeni rəhbərlik isə siyasəti dəyişməyə məhkum olacaq. Amma eyni zamanda bu yeni siyasət müvəqqəti də ola bilər. Yəni, Türkmənistanda elə bir vəziyyət yarana bilər ki əvvəlki türkmənbaşıya şükürlər oxunar"-deyə politoloq qeyd edib.

R.Musabəyov hesab edir ki, Türkmənisanda hakim rejimi tamamilə dəyişmək çox çətindir. Hakimiyyətə kimin gələcəyi isə hakim komandanın kimə "stavka" etməsindən asılı olacaq: "Türkmənbaşının oğlu Türkmənistan cəmiyyət üçün yad bir insandır. Amma bu komandada nüfuzlu adamlar qalıb, məsələn, türkmənbaşının şəxsi mühafizəsi cəmiyyəti bir növ qorxu altında saxlayırdı. Mühafizə xidmətinin kimə "stavka" edəcəyi həlledici olacaq. Amma eyni zamanda müxtəlif qüvvələr də yaranmış boşluqdan istifadə edə bilərlər".

R.Musabəyovun fikrincə, belə vəziyyətdə təhlükəli məqam güc strukturlarının işə düşməsi ola bilər: "Vəziyyəti nəzarətə götürmək üçün gücdən istifadə edilə bilər. Türkmənistanda ən az rotasiya olunan struktur Daxili İşlər Nazirliyi idi. Boşluq yaranarsa, DİN-in mövqeyi, seçimi vacib olacaq".

Xəbər lenti

Xəbər lenti