...

Teleradio Şurasının sədri: "ANS-in tezliyinə müsabiqədə alternativ iştirakçılar olmadığından nəticələr etibarsız sayıla bilər"

Siyasət Materials 8 Yanvar 2007 12:28 (UTC +04:00)
Teleradio Şurasının sədri: "ANS-in tezliyinə müsabiqədə alternativ iştirakçılar olmadığından nəticələr etibarsız sayıla bilər"

ANS-in tezliyinə elan olunmuş müsabiqədə yalnız bir iştirakçı - bu şirkət özü olduğundan müsabiqənin müddəti uzadıla bilər. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, ANS televiziyası və ANS-CM radiosunun tezliyinə elan olunmuş müsabiqə başa çatıb. Bu müsabiqədə yalnız ANS iştirak edib və ondan başqa Şuraya sənəd təqdim edən olmayıb. N.Məhərrəmlinin sözlərinə görə, müsabiqədə alternativlik olmadığından nəticələr geniş müzakirələr tələb edir. Çünki müsabiqədə adətən bir neçə iştirakçı olur. Amma ANS-in tezliyinə keçirilən müsabiqədə yalnız bir iştirakçı var və rəqabət yoxdur. N.Məhərrəmli deyib ki, bu nəticəyə Teleradio Şurasının iclasında baxılacaq və fevralın 5-dək müvafiq qərar veriləcək.

"Tenderdə yalnız bir iştirakçı olduğundan müsabiqənin müddəti uzadıla da bilər. Teleradio Şurası özünün müstəsna səlahiyyətləri olan kollegial bir qurumdur. Bu nəticələr etibarsız sayıla bilər. Tender haqqında qanuna bir daha baxacağıq. Şərtlər tələb edərsə, indiki nəticə məqbul sayılmaya bilər. Eyni zamanda, buna baxmayaraq, Teleradio Şurası bu nəticələr əsasında qalibi elan edə bilər", -deyə Şura sədri qeyd edib.

O, əlavə edib ki, müsabiqənin yekununa qədər ANS-in yayımı davam etdiriləcək. Müsabiqənin sonunda ANS-in xeyrinə qərar çıxarılacaqsa, telekanal yenidən fəaliyyətini davam etdirə bilər. Əgər ona zidd qərar çıxarılacaqsa, yayımı dayandırılacaq: "Mənim üçün çox maraqlı oldu ki, nə üçün bu müsabiqədə ANS-dən başqa heç kəs iştirak etmədi. Bəlkə də ANS-in özünün bu müsabiqəyə qatılması başqa iddialıları çəkindirdi. Çünki ANS arıq fəaliyyətdə olan bir qurumdur, həm maddi-texniki bazası, həm kadr potensialı baxımından imkanları genişdir. Mənim fikrimcə, bu səbəbdən başqaları rəqabət aparmaqda çətinlik çəkiblər".

Xəbər lenti

Xəbər lenti