...

Gəncə barlarında reydlər keçirilib

Siyasət Materials 20 Fevral 2007 11:57 (UTC +04:00)

Bu günlərdə Gəncə şəhər Polis İdarəsinin əməkdaşları şəhərin gecə barlarında reydlər keçirib və müxtəlif formalarda qaydaları pozan 82 vətəndaş tərəflərndən saxlanılıb. Bu barədə Trend ə Gəncə şəhər Polis İdarəsinin rəis müavini Çoban Hüseynov məlumat verib .

Müsahibin sözlərinə görə saxlanılanlar arasında 5 nəfər azyaşlıdır. Ç.Hüseynov əlavə edib ki, bundan başqa gecə barlarında pasport rejimini pozanlar, Bakı və digər şəhərlərdən gələrək Gəncədə heç bir yerdə qeydiyyata düşməyən şəxslər aşkar olunub.

"Aparılan reydlər zamanı barlarda spirtli içkilər qəbul edərək ictimai asayişi pozan 10 nəfər barədə inzibati protokol tərtib olunub. Bundan başqa, yoxlamalar zamanı əvvəllər axtarışda olan 7 nəfər tutularaq istintaqa cəlb edilib" - deyə Ç.Hüseynov bildirib.

Ç.Hüseynov əlavə edib ki, reydlər əsasən şəhərin "Palma", "Çempion", "Leo", "Tunel" və digər gecə barlarında aparılıb. Rəis müavininin sözlərinə görə, ötən il gecə barlarında bir neçə ağır cinayət hadisələri, hətta ölüm faktları qeydə alınıb.

"Gəncə polis idarəsi belə reydləri mütəmadi davam etdirəcək. Lakin həmin gecə barlarının sahibləri də özlərində məsuliyyət hiss etməli və öz müəssisələrində qayda-qanuna nəzarət etməlidirlər" - deyə rəis müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti