...

Şamil Əhmədov: "Azərbaycanda fəaliyyət göstərən QHT-lər bizimlə əməkdaşlıqda maraqlıdırlar"

Siyasət Materials 24 Aprel 2007 19:43 (UTC +04:00)

Hazırda ölkəmizdə gənclər hərəkatı fəal və aparıcı qüvvəyə çevrilib. Bu gün sayı 3 milyonu ötmüş gənclərin ölkəmizin ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında çox böyük rola və çəkiyə malik olması artıq heç kəsdə şübhə doğurmur. Onlar müstəqil Azərbaycan Respublikasını həm də dünyanın nüfuzlu dövlətlərində layiqincə təmsil edirlər. Bu proseslərdə Göyçay gənclərinin də xüsusi payı var. Bu gün onların bir əyalət səviyyəsindən çıxaraq istər respublika, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərə qatılması özlüyündə çox böyük nailiyyətdən xəbər verir. Elə bu günkü müsahibim də aprelin 10-dan 19-dək Şimali İrlandiyanın Belfast şəhərində keçirilən Gənclər Forumunun iştirakçısı olmuş Göyçay Gənclər Fondunun rəhbəri Şamil Əhmədovdur.

-Bu gün regionlarda gəncləri fəal ictimai əməyə cəlb etmək üçün müxtəlif tədbirlər görülür, onları bir araya gətirmək üçün ayrı-ayrı birliklər və təşkilatlar yaradılır. Bəs rəhbəri olduğunuz Göyçay Gənclər Fondunun bu cəhətdən rayon gənclərinin həyatında konkret rolu nədən ibarətdir?

-İndi bizim texniki nailiyyətlər dövründə yaşamağımız danılmaz bir faktdır. Bu sahədə bizim ziyalılarımızın da içərisində gənclər kifayət qədərdir. Ancaq, mənim fikrimcə, müasir gənclərin intellektual potensialının, əgər belə demək mümkünsə, "dinc" və humanitar sahələrə yönəldilməsinə diqqət artırılmalıdır. Bu gün gənclərimiz istər ekoloji, istər iqtisadi, istər mədəni, istərsə də bir sıra bu kimi sahələrdə əhəmiyyətli təkliflərlə çıxış edir, çoxlu layihələr hazırlayıb onların həyata keçirilməsinə nail olurlar.

Göyçay Gənclər Fondu da rayon gənclərini fəal ictimai əməyə cəlb etmək üçün əhəmiyyətli addımlar atıb. Biz gənclərin müstəqil həyata baxışlarını indidən müsbət yöndə formalaşdırmaq üçün mütəmadi olaraq müxtəlif səpkili seminarlar, müsabiqələr, görüşlər, səfərlər təşkil edir, onlara ayrı-ayrı istiqamətlərdə layihələr hazırlamaq və reallaşdırmaq üçün dəstək oluruq. Bütün bunların nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lər gənclərlə iş sahəsində bizimlə əməkdaşlıqda maraqlıdırlar. Onlardan biri də Avrasiya Fondudur ki, biz bu təşkilatın dəstəyi ilə artıq bir neçə əhəmiyyətli layihənin reallaşdırılmasına nail olmuşuq.

-Sizin təşkilat cəmi bir il əvvəl yaranıb, lakin artıq rayon və respublika əhəmiyyətli bir çox tədbirlərdə fəal iştirak etmişsiniz. Sizcə, təşkilata belə etimadın formalaşmasının səbəbi nədədir?

- İlk növbədə onu qeyd etmək istəyirəm ki, biz ilk gündən təşkilatımızın sıralarına rayonumuzun fəal, perspektivli, ictimaiyyətçi gənclərini qəbul etmişik. Müxtəlif yaş qruplarında-17-26 yaş arasında olan bu gənclərin bizim təşkilatda fəaliyyət göstərdikləri müddətdə qazandıqları təcrübə və vərdişləri real həyatda olduqca səmərəli şəkildə tətbiq etmələri üçün yaradılan şərait isə onların dünyagörüşünün zənginləşməsinə, hərtərəfli bir şəxsiyyət kimi yetişməsinə bir növ stimul olub. Elə yaradılmasından az bir müddət keçməsinə baxmayaraq bizə münasibətdə getdikcə artmaqda olan inamın səbəbini də mən bu gənclərin artıq özünü doğrultmasında görürəm. Əlbəttə, mən burada onların hamısının adlarını çəkə bilərəm. Lakin Xalid Rəsulovun üzərində xüsusilə dayanmaq istərdim. Təşkilatımızın fəal üzvlərindən olan X. Rəsulov aprelin 19-dan mayın 20-dək bələdiyyələrin formalaşdırılmasına dair Türkiyədə keçiriləcək bir aylıq tədbirdə iştirak etmək üçün artıq Bursa şəhərinə yola düşüb.

- Şamil müəllim, Siz bu günlərdə mötəbər bir tədbirin iştirakçısı olmusunuz. Zəhmət olmasa, tədbirin əsas məqsədi barədə bir qədər geniş məlumat verin.

-Avrasiya Fondu Azərbaycan nümayəndəliyinin Şimali İrlandiya İcma Fondu və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi ilə birgə layihəsi olan bu tədbirin məqsədi gənclərin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və onların qarşılıqlı mübadilə proqramlarında daha fəal iştirakının təmin olunması idi. Tədbirdə Şimali İrlandiyanın 14 gənclər fondunun nümayəndələri, Azərbaycan Respublikasından isə Azərbaycan Gənclər Fondunun xəttilə ölkəmizin 5 rayonunda fəaliyyət göstərən regional gənclər fondlarının nümayəndələri iştirak edirdilər.

- Yəqin ki, tədbir çərçivəsində Sizin fərdi görüşləriniz və təmaslarınız da olub.

-Əlbəttə, bu tədbirin proqramı çox zəngin idi və görüşlərə, seminarlara daha çox vaxt ayrılırdı. Tədbir çərçivəsində bizim keçirdiyimiz görüşlərdə əsasən informasiya mübadiləsinə üstünlük verilirdi. Biz bir-birimizi daha yaxından tanımaq və gənclərlə iş sahəsində görülən tədbirlər barədə daha dolğun informasiya çatdırmaq üçün belə görüşlərin tez-tez keçirilməsini planlaşdırırıq.

- Bizim ölkəmizin gənclər təşkilatları ilə Şimali İrlandiyanın anoloji qurumları arasında oxşar cəhətlər çoxdur, yoxsa fərqli?

- Bizim ölkəmizin gənclər təşkilatları ilə Şimali İrlandiyada fəaliyyət göstərən analoji qurumları müqayisə etmək hələ tezdir. Bizdən fərqli olaraq onlar bu sahədə uzunmüddətli və daha dərin təcrübəyə malikdir. Məsələn, orada gənclər fondları ilə yanaşı kifayət qədər maliyyə vəsaitinə malik olan gənclər bankları da fəaliyyət göstərir. Təkcə Lonqford Gənclər Bankının maliyyə vəsaiti 1.200 min dollar təşkil edir. Odur ki, belə görüşlər bizə həm də müəyyən təcrübələrin toplanmasında olduqca yaxından kömək edir.

Xəbər lenti

Xəbər lenti