...

Daxili işlər nazirinin müavini: "Azərbaycanda dini ekstremizmlə bağlı təhlükə yoxdur və son zamanlar həyata keçirilən həbslər profilaktik xarakter daşıyır"

Siyasət Materials 26 Aprel 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bu gün Azərbaycanda dini ekstremizmlə bağlı təhlükə yoxdur və son zamanlar həyata keçirilən həbslər profilaktik xarakter daşıyır. Bu barədə cümə axşamı Bakıda Azərbaycan daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov məlumat verib.

Nazir müavini qeyd edib ki, əvvəllər də belə profilaktik tədbirlər həyata keçirilib.

"Ölkədə kriminogen şərait nəzərət altındadır. Ciddi narahatlıq doğuran hallar müşahidə olunmasa da, müəyyən profilaktik işlər görülməlidir ki, kriminogen şərait əvvəl olduğu kimi nəzarətdə saxlanılsın və sabitlik qorunsun" - deyə general-leytenant Eyvazov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda dini ekstremizmin, o cümlədən vəhabiliyin qarşısının alınması üçün tədbirlər görülür və bu proses davam etdiriləcək.

Rusiya-Azərbaycan sərhədində həyata keçirilən "Sərhəd-sipər" əməliyyatının nəticəsinə toxunan nazir müavini vurğulayıb ki, proses bir həftə davam edəcək: "Cinayətkarlıqla mübarizədə bu əməliyyatların müsbət nəticələri olacaq və artıq belə nəticələr var. Axtarışda olan şəxslərin tutulması, qanunsuz silahların yığılması, narkotiklərin qeyri-qanuni dövriyyəsinin və sərhədin qanunsuz keçilməsinin qarşısının alınması sahəsində "Sərhəd-sipər" əməliyyatlarının müsbət nəticələri olacaq".

Sumqayıt şəhərində polis maşınına silahlı basqın edilməsi faktı üzrə başlanan əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini deyən nazir müavini bu cinayətin açılmasına nail olacaqlarını vurğulayıb: "Hələlik şübhəli şəxslər müəyyən edilməsə də, müxtəlif fərziyyələr üzərində işlənilir".

Xəbər lenti

Xəbər lenti