...

Azərbaycan sərhəd keçid məntəqəsində silahlı insident yaradan üç Türkiyə vətəndaşı həbs olunub

Siyasət Materials 28 Aprel 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Qazax rayonunun "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində Dövlət Sərhəd Xidmətinin əsgərlərinə xəsarət yetirmiş Türkiyə vətəndaşları Üzeyir Gezer, Sami Gezer və Kemal Özdəmir tutulublar. Bu barədə şənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, aprelin 26-da Azərbaycanın viza rejimi qaydalarını pozduqlarına görə DİN orqanları tərəfindən saxlanılmış və ölkə ərazisindən kənarlaşdırılması üçün nəzarət məntəqəsinə gətirilmiş Türkiyə vətəndaşları Gürcüstana keçərkən sərhədçilərin qanuni tələblərini yerinə yetirməyib və hərbçilərə qarşı müqavimət göstəriblər. İnsident zamanı sərhəd qoşunlarının əsgərlərinə qarşı soyuq silahdan istifadə edilib və nəticədə iki sərhədçi bıçaq yarası alaraq Qazax şəhər xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Qazax rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Qazax rayonu paytaxt Bakıdan 510 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti