...

Azərbaycan parlamenti "Amnistiya haqqında" qanunu müzakirəyə çıxarıb - versiya 2

Siyasət Materials 1 May 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Amnistiya haqqında" qanun gündəliyə salınıb. Qanun layihəsində 9000-ə yaxın şəxsin, o cümlədən 1500 şəxsin azadlıqdan məhrumetmə cəzasından, 7500-dək şəxsin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzadan, 3000-ə yaxın şəxsin isə məhkəmələr tərəfindən çıxarılmış cərimə cəzasından azad edilməsi nəzərdə tutulub.

Amnistiya böyük ictimai təhlükəlilik törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, birinci qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 18 yaşı olmayanlar, himayəsində yetkinlik yaşına çatmayan və ya birinci və ikinci qrup əlil övladları olan kişilər, suverenlik və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-53 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və ya soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlər, 20 Yanvar və Xocalı soyqırımı zamanı əlil olmuş şəxslər və bu hadisələr zamanı şəhid olmuş şəxslərin yaxın qohumları, cəzasının bitməsinə altı ay qalmış şəxslər, azadlığı məhdudlaşdırılmamış və islah işləri cəzalarının bitməsinə bir il qalmış şəxslər, ictimai işlərə və cərimə cəzalarına məhkum edilmiş şəxslər, şərti məhkum edilmiş şəxslər, cəzalarının çəkilməsi təxirə salınmış şəxslərə şamil olunacaq.

Cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, ağır və xüsusilə ağır cinayətlər törətmiş, xüsusilə təhlükəli residiv yaradan cinayət törətmiş, cinayət nəticəsində vurulmuş zərəri ödəməmiş şəxslərə isə Amnistiya aktı şamil olunmayacaq.

Ölkədə amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Ötən dövrdə yeddi amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib. Bu aktlar 77 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib.

Müzakirəyə çıxarılan amnistiya sənədi Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunub.

Xəbər lenti

Xəbər lenti