Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Brüsseldə Gürcüstan xarici işlər naziri Gela Bejuaşvili və Ermənistan xarici siyasət idarəsinin rəhbəri Vardan Oskanyanla birgə görüş keçirib. Bu barədə çərşənbə günü Bakıda Seyidov məlumat verib.
Seyidov qeyd edib ki, görüşdə Cənubi Qafqaz bölgəsinin ən vacib problemlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: "Görüşün formatı Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrindən ibarət olub. Brüsseldə keçirilən beynəlxalq forumun məqsədi də üç ölkənin nümayəndələrinin bölgədə gedən proseslərlə bağlı müzakirə aparmalarını təşkil etmək idi".
Brüssel forumunun daxili qaydalarına əsasən, aparılan müzakirələrin təffərüatlarını açıqlaya bilməyəcəyini deyən nümayəndə heyətinin rəhbəri bildirib ki, Cənubi Qafqaz bölgəsində gedən proseslərin ayrıca müzakirə olunması böyük əhəmiyyət kəsb edir.
Bir neçə gün öncə Almaniyanın "Marşal" Fondunun təşkilatçılığı ilə Brüsseldə beynəlxalq forum keçirilib. Forumda Avroatlantik məkanda baş verən proseslər, Cənubi Qafqazın Avroatlantik məkana inteqrasiyası və digər qlobal məsələlər müzakirə edilib.