...

Türkiyənin yeni parlamentinin beş iri partiyadan formalaşacağı gözlənilir

Siyasət Materials 11 May 2007 20:15 (UTC +04:00)
Türkiyənin yeni parlamentinin beş iri partiyadan formalaşacağı gözlənilir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin yeni seçiləcək parlamentinin beş iri partiyadan formalaşacağı gözlənilir. Bu barədə Türkiyədəki seçkiləri şərh edən İstanbul Universitetinin müəllimi, "Açıq qəzet"in yazı işləri müdiri Birsen Altınər açıqlama verib.

Altınər qeyd edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın cümhurbaşqanlığına (prezidentliyə) Abdullah Gülün namizədliyini irəli sürməsindən Türkiyənin ziyan çəkəcəyini düşünən insanlar küçələrə çıxdılar. Aprelin 14-də Ankaradakı Tandoğan meydanında, 29-da İstanbuldakı Çağlayan meydanında, mayın 5-də Manisada milyonlarla insan Cümhuriyyət mitinqlərinə çıxdı. Bu bazar günü də (mayın 13-də) İzmirdə mitinq keçiriləcək: "Küçələrə çıxan insanlar Türkiyənin milli maraqlarının, dəyərlərinin daxildən və xaricdən gələn təhlükələr altında olduğunu düşünürlər. Amma bu mitinqlər bir daha onu göstərdi ki, xalq öz dövlətinə sahib çıxmağı bacarır"-deyə Altınər vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Anayasasına (Konstitusiyasına) dəyişikliklərlə əlaqədar parlamentdə bəzi yeni qərarlar çıxarılıb, millət vəkili seçkilərinin dörd ildən bir keçirilməsi, cümhurbaşqanının xalq tərəfindən seçilməsi və 5+5 sisteminin tətbiqi kimi dəyişikliklər qəbul edilib. Baş nazir Ərdoğan bildirib ki, Anayasada dəyişikliyi nəzərdə tutan paketə prezident Əhməd Necdət Sezər tərəfindən veto qoyulacağı təqdirdə, sənəd təkrarən ona göndəriləcək. Ərdoğana görə, bu dəyişikliklər hazırda Türkiyədə yaranmış siyasi süstlüyü aradan qaldıra biləcək.

Böyük Millət Məclisi parlament seçkilərinə ümumilikdə 21 partiyanın qatılacağını açıqlayıb. Altınər bildirib ki, seçki günü məlum olduqdan sonra sağ və sol düşərgələrdə birləşmə axtarışlarına başlanılıb. Onun sözlərinə görə, siyasətçilər mitinqlərdəki insan izdihamından dərs alaraq birləşməyə cəhd göstərirlər.

Altınər hesab edir ki, seçkilərin sonunda çoxtərkibli bir parlament formalaşacaq. Onun fikrincə, böyük ehtimalla, ən çox səs toplayan partiya AKP, ikinci CHP, üçüncü MHP, dördüncü ANAP və DYP-nin birləşdiyi DP olacaq. Bu dörd partiyadan başqa DTP də Məclisə seçilə bilər. DTP 22 iyul seçkilərində partiya şəklində iştirak edərsə, bundan öncəki parlament seçkilərində olduğu kimi müvafiq baryeri keçə bilməyəcək. Müstəqil namizədlərlə (mojaritar qaydada) iştirak edərsə, parlamentə düşə və orada öz qrupunu yarada bilər. Qrup yaratmaq üçün isə parlamentdə azı 20 nəfər millət vəkili ilə təmsil olunmalıdır: "Bundan AKP-yə böyük təhlükə yoxdur, hakim partiya parlamentdə sadəcə 20 kreslosunu itirəcək. Amma fikrimcə, seçkidən sonra parlamentdə qrup yaradan DTP-çilər Böyük Millət Məclisinə başağrısı verəcəklər"-deyə şərhçi bildirib.

Beləliklə, 22 iyun seçkilərində hakim AKP, ana müxalifət olaraq CHP, müvafiq baryeri keçən MHP və DP, müstəqil qatılan və kürdləri təmsil edən DTP-dən ibarət beş partiyalı bir Məclis yaradıla bilər.

Xəbər lenti

Xəbər lenti