...

Bolqarıstanda QİƏMP Baş Assambleyasının sessiyası keçiriləcək

Siyasət Materials 11 İyun 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İyunun 12-dən 15-dək Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏPM) Baş Assambleyasının 29-cu plenar sessiyası keçiriləcək. Bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Üç gün davam edəcək 29-cu plenar sessiyada QİƏPM sədrinin müavini, qurumdakı Azərbaycan nümayəndə heyətinin  rəhbəri Asəf Hacıyev "QİƏPM-ə üzv dövlətlər arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq" mövzusunda məruzə edəcək,  həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlığa dair diskussiyalarda ölkəmizin mövqeyini bildirəcək.

Milli Məclisin deputatları Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva və İmamverdi İsmayılov "Avropa İttifaqının genişlənməsi kontekstində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş",  QİƏPM-ə üzv ölkələrdə Boloniya prosesi və ali təhsil sistemində islahatlar, eləcə də balıqçılığın vəziyyəti və perspektivləri barədə məruzələr ətrafında müzakirələrdə yaxından iştirak edəcəklər.

Sessiyada təşkilati,  hüquqi və siyasi, ticarət-iqtisadi, texnoloji və ekoloji, təhsil  və mədəniyyət sahələrinə dair bir sıra  məsələlərə baxılacaq. Tədbirin yekununda QİƏPM-ə sədrlik Bolqarıstandan Gürcüstana keçəcək.

Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada iştirak üçün iyunun 11-də Bolqarıstanın Varna şəhərinə yola düşəcək.

Səfər iyunun 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti