...

Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri: "Bəzi qeyri-konstruktiv qüvvələr jurnalistləri demokratiyaya zidd addımlar atmağa təhrik edirlər" (video)

Siyasət Materials 27 İyun 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Həbsdə olan jurnalistlərin əfv olunması məsələsi prezidentin səlahiyyətinə aiddir və dövlət başçısı nə vaxt lazım bilsə, buna ehtiyac olsa, o zaman onları əfv edə bilər. Bu fikirləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.

O, jurnalistlərin əfv olunacağı barədə yayılmış fikirlərə münasibətini açıqlayıb: "Mən bilmirəm kim deyib ki, həmin jurnalistlər əfv ediləcəklər. Mən belə məsuliyyəti boynuma götürə bilmərəm. Bu, birbaşa prezidentin səlahiyyətinə aiddir. Prezident nə vaxt lazım bilsə və buna ehtiyac olsa, belə bir sərəncam verəcək"-deyə Mehdiyev qeyd edib.

Prezidentin İcra Aparatının rəhbəri bir sıra redaktorların, QHT və siyasi partiya rəhbərlərinin Azərbaycandakı bəzi məmurlara sanksiyalar tətbiq edilməsi,onların xarici ölkələrə buraxılmaması üçün Avropa İttifaqına ünvanladığı müraciətlə bağlı da mövqeyini bildirib: "Mən bilmirəm, bu jurnalistlər kimdir və nəyə əsasən belə fikirlər irəli sürürlər. Əgər bu jurnalistlər demokratiyanın tərəfadırdırlarsa, onların bu təşəbbüsü demokratiyaya ziddir. Əgər əsaslı iradları varsa, əlaqədar dövlət qurumlarına müraciət edərlər, həmin qurumlar da qanunlar çərçivəsində jurnalistlərə lazımi cavablar verər. Digər tərəfdən, mən görürəm ki, bu addımlar müəyyən qeyri-konstruktik qüvvələrin təşəbbüsü ilə atılır. Həmin qüvvələr jurnalistləri buna təhrik edirlər"-deyə Mehdiyev qeyd edib.

O vurğulayıb ki, beynəlxalq təşkilatlara bu tipli müraciətlər ölkəmizə hörmət gətirmir. Mehdiyev qonşu ölkələrə nəzərə salaraq nümunə götürməyi məsləhət görüb: "Baxsınlar ki, bizə düşmən olan Ermənistanda jurnalistlər öz dövlətlərinin maraqları ilə bağlı nə kimi addımlar atırlar. Bizim bəzi mətbuat nümayəndələrində, ayrı-ayrı qeyri-konstruktiv qüvvələrlə bağlı olan jurnalistlərin hərəkətlərində nə vətənpərvərlikdən, nə vətən sevgisindən, nə də şəxsiyyətin düşünülmüş şəkildə addım atmasından söhbət getmir"-deyə Mehdiyev vurğulayıb.

Prezident Aparatının rəhbəri onu da deyib ki, bu yaxınlarda hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən jurnalistlərin konfransında əhəmiyyətli və konstruktiv fikir mübadiləsi aparılıb: "Əgər doğrudan da müxalif mətbu orqanlar orada verilən təkliflər əsasında fəaliyyətərini davam etdirəcəklərsə, mən bunu dönüş kimi qiymətləndirirəm. Çox təəssüf ki, biz hələ demokratik mətbuat formalaşdıra bilməmişik. Bu da təkcə hakimiyyətdən asılı deyil"-deyə Mehdiyev bildirib.

Onun sözlərinə görə, rəsmi mətbu orqanlar özlərini kifayət qədər qanunlar çərçivəsində aparırlar, lakin bəzi radikal müxalifət orqanları qeyri-konstrutiv, insan mənəviyyatına hörmət gətirməyən məqalələr çap edirlər.

Xəbər lenti

Xəbər lenti